Paltar kirayəsində şəxsiyyət vəsiqəsinin girov saxlanılması qanunsuzdur - AÇIQLAMA 

 16:20 07.09.2026     400

Kirayə paltarların verildiyi mağazaların əksəriyyətində paltar müştəriyə təqdim edilərkən sahibkar tərəfindən şəxsiyyət vəsiqəsi girov kimi alınır və paltar geri qaytarıldıqdan sonra sənəd müştəriyə qaytarılır.

Bəs bu praktika qanunvericilik baxımından nə dərəcədə düzgündür? Şəxsiyyət vəsiqəsinin girov kimi saxlanılması qanunla qadağandırsa, kirayə paltar mağazaları müştərinin öhdəliyinin təminatı üçün hansı alternativ üsullardan istifadə edə bilərlər və bu məsələ necə həll olunmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan vəkil Cavanşir Qasımzadə bildirdi ki, şəxsiyyət vəsiqəsinin girov kimi qoyulması qanunvericiliyə tamamilə ziddir, bu, həm “Şəxsiyyət vəsiqəsi haqqında” Qanunu pozur, həm də İnzibati Xətalar Məcəlləsində məsuliyyət yaradır.

Müsahibimiz vurğuladı ki, kirayəyə paltar götürərkən hər hansı əşyanın oraya qoyulması - bu, girov müqaviləsidir:

"Girov müqaviləsinin predmetləri, girov olaraq hansı əşyaların qoyula biləcəyi Mülki Məcəllədə göstərilib. Bunların arasında şəxsiyyət vəsiqəsi yoxdur. Bundan başqa, şəxsiyyət vəsiqəsini yalnız səlahiyyətli orqan götürə, saxlaya bilər. Hər hansı bir ticarət obyekti bunu edə bilməz. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsində birbaşa göstərilib ki, şəxsiyyət vəsiqəsinin girov qoyulması inzibati məsuliyyətə səbəb olur və buna görə cərimə nəzərdə tutulur. 500 manatdan 800 manata qədər burada cərimə nəzərdə tutulur".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən