Yol polisi dərhal saxlayıb duracağa aparacaq! – Sürücülük təlimləri ilə bağlı mühüm QADAĞA
Azərbaycanda avtomobil idarə etmək həvəsində olan gəncləri və onların valideynlərini ən çox düşündürən məsələlərdən biri də sürücülük təlimlərinə hansı yaşdan başlamağın mümkün olmasıdır. Xüsusilə 17 yaşı tamam olmuş şəxslərin hələ sürücülük vəsiqəsi almadan nəzəri və praktiki sürücülük kurslarında iştirak edib-edə bilməyəcəyi, həmçinin təlim avtomobilləri ilə yollara çıxmasının hüquqi tərəfləri tez-tez müzakirə mövzusuna çevrilir.
Bəs sürücülük kurslarına müraciət etmək üçün minimum yaş həddi neçədir və qanunvericilik bu barədə nə deyir?
Nəqliyyat eksperti Aslan Əsədov Redaktor.az-a bildirdi ki, sürücülük təlimlərində iştirak etmək üçün minimum yaş həddi 18-dir:
.jpg)
"18 yaşından aşağı şəxslərin təlimlərdə iştirakına icazə verilmir, bu, qanuna ziddir. İstisna hal yalnız xüsusi təhsil müəssisələrinin - universitet, texnikum və ya kolleclərin balansında olan qapalı təlim ərazilərində mümkündür, çünki orada bu proses tədris fənni kimi həyata keçirilir. Lakin sürücülük vəsiqəsi olmayan bir şəxsin təlimçi ilə də olsa, şəhər küçələrində - məsələn, "28 May", "Neftçilər" və ya "Gənclik" metrostansiyalarının ətrafında təlim avtomobili idarə etməsi hüquq pozuntusudur. Belə hal aşkarlandıqda Dövlət Yol Polisi əməkdaşları dərhal nəqliyyat vasitəsini saxlayıb duracağa təhvil verə bilər. Çünki sürücülük vəsiqəsi olmayan şəxsə avtomobili etibar etməyə görə İnzibati Xətalar Məcəlləsində min manatdan iki min manatadək və daha yüksək məbləğdə ciddi cərimələr nəzərdə tutulub".
Aytəkin TOFİQQIZI













