Azərbaycanda ərzaq qiymətləri niyə bahalaşır? - Ekspert səbəbləri AÇIQLADI

 17:02 07.09.2026     497

"İnsanların alıcılıq qabiliyyəti aşağıdır və qiymət artımı hər bir azərbaycanlının büdcəsinə mənfi təsir göstərir. Apardığım araşdırmalar göstərir ki, ilin ilk 7 ayı ərzində əsas ərzaq məhsulları davamlı olaraq bahalaşıb (avqust ayının göstəriciləri isə yaxın günlərdə açıqlanacaq). Qiymət artımı hər ay aramsız olaraq çörək və un, ət, süd, yumurta məhsullarında, eləcə də suda müşahid olunub".

Bu barədə Redaktor.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi.

Onun sözlərinə görə, Azərbaycan özünü yetərli həcmdə kənd təsərrüfatı məhsulları ilə təmin edə bilmir:

"Çörəyin bahalaşmasına səbəb bu il dünya bazarında buğdanın qiymətində artımın olmasıdır. Azərbaycan buğdaya olan tələbatını özü ödəyə bilmədiyi və 71% idxaldan asılı olduğu üçün daxili qiymətlər birbaşa dunya bazarındakı dəyişikliklərdən asılı vəziyyətə düşür. Əgər qlobal bazarda qiymət artacaqsa, Azərbaycanda da artacaq. Orada qiymətlər azaldıqda isə, təəssüf ki, daxili bazarda eniş müşahid olunmur; təcrübə göstərir ki, bizdə qiymətlər yalnız yüksələn xətt üzrə dəyişir. Son vaxtlar unun da qiymətində cüzi də olsa artım qeydə alınıb".

Həmsöhbətimiz vurğuladı ki, yalnız avqust ayında əmtəə birjalarında buğdanın qiyməti 20%-ə yaxın artıb:

"Biçin mövsümündə buğdanın bahalaşması qiymətlərin bundan sonra da artmağa davam edəcəyindən xəbər verir. Bunun iki ana səbəbi var. Birincisi, qlobal istiləşmənin təsiridir: Amerika və bir sıra aparıcı buğda istehsalçısı olan ölkələrdə bu il baş verən quraqlıq məhsuldarlığı azaldıb. İkinci səbəb isə dünyanın ən böyük buğda ixracatçıları olan Rusiya və Ukraynanın Qara dəniz vasitəsilə nəql prosesini həyata keçirə bilməməsidir. Dünya bazarına çıxarılan 200 milyon ton buğdanın 50 milyon tonu məhz bu iki ölkənin payına düşdüyü üçün mövcud axsamalar qiymətlərin kəskin yüksəlməsinə birbaşa təsir edir".

Aytəkin TOİFQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən