Onların maaşlarına fərqləndirici əmsal tətbiq ediləcək - QƏRAR
Azərbaycanın Portuqaliyadakı diplomatik nümayəndəliyində çalışan əməkdaşların dövlət məvaciblərinə tətbiq edilən fərqləndirici əmsal müəyyənləşdirilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri siyahısına Portuqaliya Respublikası əlavə olunub.
Bundan başqa, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar cədvəlinə də yeni bənd daxil edilib.
Belə ki, Portuqaliyanın paytaxtı Lissabon şəhərində çalışan əməkdaşların dövlət məvacibinə 2,881 əmsalı tətbiq ediləcək.
Qərar Azərbaycan Respublikasının Prezidentinin 2026-cı il 17 iyun tarixli sərəncamı ilə Portuqaliya Respublikasının Lissabon şəhərində Azərbaycanın səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı qəbul edilib.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə Azərbaycanın Portuqaliyada səfirliyinin fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.













