Kanat qəzasında məsuliyyət kimdədir? - Təhlükəsizlik eksperti DANIŞDI

 13:43 09.09.2026     493

Xəbər verdiyimiz kimi, ötən gün “Şəki yaylası”nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.

Bəs həmin kanat sistemində nəzarətə kim cavabdehdir? Sistemin yoxlanılması hansı aralıqlarda aparılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik eksperti Samir Nəbiyev vurğuladı ki, 8 noyabr tarixində baş vermiş hadisə üzrə prokurorluq tərəfindən araşdırma aparılır:

"Ona görə də ekspertiza nəticələri olmadan konkret nasazlıq və ya şəxslərin təqsiri barədə qəti fikir bildirmək düzgün olmaz. Trosun qırılmasına gəlincə, burada məlumat hadisənin necə baş verdiyini göstərə bilər, amma niyə və nə üçün baş verdiyi ayrıca araşdırılmalıdır".

Ekspert kanat sistemində nəzarətə kimin cavabdeh olduğunu qeyd etdi:

"Burada təhlükəsiz istismarın təşkilinə ilk növbədə qurğunu işlədən müəssisə cavabdehdir. Müəssisə məsul şəxsi təyin edir. Bu, daxili əmrlə də icra olunmalıdır. O cümlədən, hazırlıqlı operatorlar işləməli, operator müvafiq formada təlim və təlimatlandırmadan keçmiş şəxs olmalı, texniki xidmət və texniki baxışlar təşkil edilməlidir. Bu, gündəlik nəzarət edən orqanın gündəlik rutinləridir.

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Əsasnaməsinin 8.20-ci bəndinə əsasən, mexanikləşdirilmiş attraksionların, sərnişin və yük asma kanat yollarının qeydiyyatı və təhlükəsiz istismarına dövlət nəzarəti həmin Agentliyin səlahiyyətinə daxildir. Lakin bu səlahiyyət bütün troslu əyləncə sistemlərinə avtomatik şamil edilmir. Konkret sistemin aidiyyəti konstruksiyası, iş prinsipi və texniki sənədləri əsasında müəyyənləşdirilməlidir. Xüsusi texniki nəzarətə aidiyyət müəssisənin təhlükəsizlik öhdəliyini aradan qaldırmır. "Turizm haqqında" Qanunun 16.1-ci maddəsi xidmət göstərən şəxslərdən turistlərin təhlükəsizliyi üçün zəruri tədbirlər görməyi tələb edir.  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Əsasnaməsinin 3.1.26-cı yarımbəndi normativ tələblərə uyğun olmayan, həyat və sağlamlıq üçün təhlükəli xidmətlərə qarşı tədbirləri nəzərdə tutur. Dövlət Turizm Agentliyinin isə turizmin tənzimlənməsi, standartlaşdırma və xidmət keyfiyyətinin təkmilləşdirilməsi üzrə səlahiyyətləri var. Bu funksiyalar xüsusi texniki nəzarətlə eyniləşdirilməməlidir".

Samir Nəbiyev Nazirlər Kabinetinin əlaqələndirməsi ilə həmin qurumların və müstəqil texniki mütəxəssislərin iştirakı ilə kompleks qiymətləndirmə aparılmasını təklif etdi:

“Ziplaynların, troslu keçidlərin və digər yüksək riskli əyləncə sistemlərinin hüquqi təsnifatı və nəzarət mexanizmləri aydınlaşdırılmalı, aşkarlanan normativ boşluqlar aradan qaldırılmalıdır. İstismara buraxılma, gündəlik baxış, dövri texniki müayinə, operator hazırlığı və xilasetmə tələbləri dəqiq müəyyənləşdirilməlidir. Texniki müayinəni, dövlət nəzarətini və təhlükəli fəaliyyətin dayandırılmasını kimin, hansı qaydada həyata keçirəcəyi birmənalı göstərilməlidir".

Həmsöhbətimiz mütləq icra edilməli olan təhlükəsizlik tələblərini vurğuladı:

"Mexanikləşdirilmiş attraksionun texniki pasportu, tələb olunan qeydiyyat və istismara buraxılma sənədləri olmalıdır. Operatorun hazırlığı və attestasiyası təmin edilməli, istifadəçilər təhlükəsizlik qaydaları barədə təlimatlandırılmalıdırlar. Yəni burada attestasiya prosesində biliklərinin qiymətləndirilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərin yoxlanılması nəzərdə tutulur. Sənədin mövcudluğu isə qurğunun həmin gün faktiki saz olmasını yoxlamaq ehtiyacını aradan qaldırmır. Yəni sənəd ola bilər, yenə də qurğu istismara yararsız ola bilər. Məsələ budur. Texniki nəzarət yalnız trosla məhdudlaşdırılmamalıdır. Dayaqlar, bərkitmə nöqtələri, birləşmələr, əyləc və sərnişini qoruyan sistemlər birlikdə yoxlanılmalıdır. Tələb olunan hissələrdə dağıtmadan nəzarət üsulları, yəni qeyri-dağıdıcı nəzarət üsulları tətbiq edilməli, aşınmış komponentlər müəyyən edilmiş meyarlara əsasən dəyişdirilməlidir. İcazə verilən çəki, sərnişin sayı və hava şəraiti məhdudiyyətləri gözlənilməli, hər istifadədən əvvəl sərnişinin düzgün bərkidilməsi yoxlanılmalıdır".

Onun sözlərinə görə, qurğunun növünə uyğun qəza zamanı dayandırma və təhlükəsiz təxliyə imkanları, hündürlükdən xilasetmə planı, lazımi avadanlıq və hazırlıqlı heyət olmalıdır:

"Yəni lazımi heyət dedikdə, burada xilasetmə planını icra edəcək xilasetmə dəstəsi olmalıdır. Təhlükəsizliyə təsir edən nasazlıq aşkarlandıqda fəaliyyət dayandırılmalı, təhlükəsiz vəziyyət təsdiqlənmədən bərpa edilməməlidir. Əsas prinsip isə texniki yoxlamanın sadəcə sənəddə imza deyil, insan həyatını qoruyan real nəzarət olmasıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən