Bakıda binaların fasadı niyə qopur? – Səbəb küləkdir, yoxsa keyfiyyətsiz material?
Xəbər verdiyimiz kimi, ötən günlərdə paytaxtda baş verən küləyin təsiri nəticəsində Bayıl qəsəbəsində yerləşən “Sabah Residence”in fasad örtüyünün bir hissəsi sıradan çıxaraq uçub.
Belə hadisələr adətən tikinti materialının keyfiyyəti, yoxsa binanın istismar müddətində aparılmayan texniki baxışlarla bağlı olur? Payız küləyində, xüsusilə də Bakının küləkli iqlim şəraitində, yaşayış binasının fasad örtüyünün qopması nə dərəcədə normal hal hesab oluna bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan memar Cahid Həsənov bildirdi ki, ümumiyyətlə, bina fasadlarında formasından və çəkisindən asılı olmayaraq, üzlük materiallarının vurulması çox ciddi məsələdir:
"Burada məsələni yalnız bir istiqamətə yönəltmək olmaz. Yəni material zəif ola bilər, bu mümkündür. Amma ola bilər ki, material kifayət qədər güclüdür, lakin fasadda onun hazırlıq qatı, ona işləyən sement məhlulu və digər yapışdırıcı materiallar standartlara cavab vermir. Ola bilər ki, material da yaxşıdır, hazırlıq materialı da yaxşıdır, amma usta onun alt hissəsini lazımi şəkildə doldurmur, boşluqlar qalır. Aralar, dəliklər dolğu materialı ilə tam doldurulmur".

Müsahibimiz əlavə etdi ki, burada məsələ təkcə küləklə bağlı deyil:
"Yağış nəticəsində də bu ola bilər. Məsələn, su üzlük materialının alt hissəsinə sızır. Alt hissədə dolğu materialı lazımınca olmadığı üçün su orada qalır və nəticədə həmin hissədə partlama yaranır. Külək zamanı isə bu problem öz fəsadını göstərir. Yəni ümumiyyətlə, bunu birmənalı şəkildə demək lazımdır ki, nəzarət məhz bunlara olmalıdır. Binaların üzlük daşlarının vurulmasında həm materialın keyfiyyəti, həm yapışdırıcı materiallar, həm də peşəkar usta amili mühüm rol oynayır. Əgər bu üç amilin hamısı tam şəkildə standartlara cavab verirsə, heç bir fəsadla üzləşmərik. Yox, əgər bu üç amildən biri belə standartlara cavab vermirsə, təbii ki, təəssüf ki, belə hallarla üzləşirik".
Xədicə BAXIŞLI













