“Vətəndaşa böyük əziyyət verir” – Deputat Bakı nəqliyyatını tənqid etdi

 14:34 09.09.2026     860

"Alternativ marşrut öncədən müəyyən olunmalı idi. Hesab edirəm ki, vaxtilə tramvay xətlərinin də ləğv olunması böyük yanlış idi. Çünki Bakı şəhərində buna çox böyük ehtiyac var idi. İndi avtobusdan başqa alternativ marşrutun olmaması vətəndaşa böyük əziyyət verir. Hər halda, indi müvəqqəti metro ilə bağlı məsələ belə bir vəziyyətə gəlib çıxıb, insanlar çox əziyyət çəkirlər. Amma nə etmək olar? Yolu genişləndirmək mümkün deyil. Eyni zamanda, körpülərin salınması məsələsi və başqa məsələlərdə də müəyyən şəhərsalma qaydalarına tam əməl olunmadı. İndi hər halda bu istiqamətdə, yəqin ki, müvafiq qurumlar bir şeylər düşünürlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa Bakı metrosunun “28 May” – “Nizami” stansiyaları arasında aparılan təmir işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılmasının sərnişinlər üçün yaratdığı çətinliklərdən danışarkən səsləndirdi.

Millət vəkilinin sözlərinə görə, elektrik qatarının işləməsi yaxşıdır, amma onu da tam bütün əraziləri əhatə edəcək səviyyəyə gətirə bilməmişik:

"Amma qismən ağırlığı götürür, bu da müsbət bir haldır. Amma bütövlükdə, yəni alternativ nəqliyyat vasitələrinin olmaması çox ciddi problemdir. Biz özümüz də seçicilərin nə qədər əziyyət çəkdiyini görürük və buna hansısa bir addım atmaq da artıq, məncə, gecdir. Çünki vaxtında Bakı şəhərinin ümumi planı əsasında yolların doğru çəkilişi və yükü götürmə qabiliyyəti müəyyən olunmalı idi. Yəqin ki, bundan sonra artıq bu istiqamətə xüsusi diqqət ayrılar və əminəm ki, bir şeylər yaxşı mənada dəyişəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən