“Sabah Residence”in fasadı niyə uçdu? - AÇIQLAMA
“Müxtəlif qüsurlar, xüsusilə tikinti layihələrində olan qüsurlar, həqiqətən də qeyri-adi hava və iqlim şəraiti, yaxud aşınma nəticəsində yarana bilər. Nəzərə almaq lazımdır ki, “Sabah Residence” beynəlxalq memarlıq şirkəti tərəfindən layihələndirilib və burada fasadda istifadə olunan materiallar Azərbaycan bazarında geniş yayılmayıb. Yəni bu layihə təxminən 8-9 il əvvəl layihələndirilib və həmin dövrdə ölkəmizdə bu kimi binaların, xüsusilə belə fasadların geniş yayılması hələ mövcud deyildi. Bu sahədə praktika çox az idi”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov küləyin təsiri nəticəsində Bayıl qəsəbəsində yerləşən “Sabah Residence”in fasad örtüyünün bir hissəsinin uçmasından danışarkən səsləndirib.
“Burada buraxılmış qüsurlar çox güman ki, yerli işçilər və yaxud podratçılar tərəfindən yol verilmiş səhvlərdir. Bunlar da artıq belə hava şəraitinin təsiri nəticəsində üzə çıxıb. Ənənəvi olaraq bizim tanıdığımız binalarda fasad işləri aparılır və orada hər hansı ciddi qüsurlar bu günə kimi üzə çıxmayıb. İstisna hal təxminən 10-15 il öncə bina üzlərinin müxtəlif keramik plitələrlə örtülməsi zamanı baş verirdi. Zaman keçdikcə həmin plitələri yapışdıran maddənin keyfiyyətinin aşağı düşməsi nəticəsində üzlük materiallarının tökülməsi halları müşahidə olunurdu. Belə bir praktika var və keramik üzlüklərin tökülməsi kifayət qədər geniş yayılmışdı. Amma burada, bildiyim qədər, fibrobetondan istifadə olunub. Ola bilsin ki, digər kompozit materiallar da olub. Həmin materialların Azərbaycanda o dövrdə həm istehsalı geniş yayılmamışdı, həm də tətbiqi geniş deyildi. Yəni onların tətbiqi zamanı çox güman ki, ustalar tərəfindən montaj prosesində müxtəlif qüsurlar buraxılıb”.
Müsahibimiz əlavə etdi ki, bina köhnəldikcə və zaman keçdikcə bu qüsurlar üzə çıxıb:
“İlkin olaraq bunun əks-təsiri həmin tikinti şirkətinin nüfuzuna təsir edir. Nəzərə alsaq ki, həmin tikinti şirkəti hazırda “Sea Breeze” ərazisində böyük layihələr icra edir, bu, onlar üçün də bir təcrübə ola bilər. Ümumiyyətlə, digər tikinti şirkətləri üçün də ölkədə bir təcrübədir. Amma ümumilikdə, bəli, ola bilsin ki, vətəndaşlarda tikinti şirkətlərinə qarşı hər hansı qüsurun baş verməsi etibara təsir etsin. Amma qiymətlərə təsir edəcəyinə inanmıram. Bu, müvəqqəti xarakter daşıyır və onsuz da zaman keçdikcə yaddan çıxıb gedəcək.
Ən ciddi məsələ burada tikinti şirkətinin alıcılar qarşısında olan məsuliyyətidir. Adətən bu məsuliyyət heç bir alqı-satqı müqaviləsində qeyd olunmur. Yəni tikinti şirkəti vətəndaşlara yaşayış kompleksini tikib bitirdikdən sonra onun hansı hissələrinə və ümumiyyətlə, neçə illik müddətə qüsurların aradan qaldırılması ilə bağlı, həmçinin texniki məsələlərə görə zəmanət verir? Bizim ölkədə də bu məsələ qanunla belə tənzimlənmir”.
Ekspertin fikrincə, bu məsələlər alqı-satqı müqavilələrində əks olunmalıdır.
“Bu, geniş yayılmalıdır ki, tikinti şirkəti vətəndaşlara təkcə mənzili satmaqla yox, ümumiyyətlə, yaşayış kompleksinin bütün texniki hissələrinə, həmçinin fasadına, qurğularına, avadanlıqlarına və digər texniki hissələrinə görə zəmanət versin. Bu, birinci məsələdir.
Digər məsələ isə odur ki, qanunvericiliyə əsasən, yaşayış kompleksi və yaxud çoxmənzilli bina tikilib qurtardıqdan və tikinti şirkəti tərəfindən istismara qəbul edildikdən sonra onun funksiyası bitir. Funksiyası bitdikdən sonra vətəndaşlar toplanıb müştərək cəmiyyət yaratmalıdırlar. Müştərək cəmiyyət həmin MTK-dan və yaxud MMC-dən yaşayış kompleksini qəbul etməlidir. Mənim fikrimcə, qəbul proseduru qaydaları müəyyən olunmalıdır. Bununla bağlı da Azərbaycan Respublikasında müvafiq qanunvericilik bazası yoxdur.
İkinci məsələ isə vətəndaşlarla, yəni MMC ilə, müştərək cəmiyyətlə gələcəkdə tikinti şirkətləri arasında olan münasibətlərdir. Yəni bu kompleks müştərək cəmiyyətə təhvil veriləndən sonra zəmanət məsələləri var və ayrı-ayrı hissələrə müəyyən müddət zəmanət verilməlidir”, - deyə E.Azadov yekunlaşdırdı.
Xədicə BAXIŞLI













