Oyuncaq avtomobillə yolda hərəkət edən şəxs hansı məsuliyyəti daşıyır? - Vəkil AÇIQLADI

 17:37 09.09.2026     422

Bakıda elektrik mühərrikli oyuncaq avtomobillə əsas yolda idarə edən şəxs məsuliyyətə cəlb edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxs barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Maraqlıdır, bəs elektrik mühərrikli oyuncaq avtomobillə əsas yola çıxmaq qanunvericilikdə konkret olaraq hansı hüquq pozuntusu hesab olunur? Əsas yola oyuncaq avtomobillə çıxmaq digər hərəkət iştirakçıları üçün təhlükə yaratdığı halda məsuliyyət daha da ağırlaşa bilərmi?

Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, görüntülərdən çox kiçik ölçülü, faktiki olaraq oyuncaq avtomobilə bənzəyən elektrik mühərrikli bir vasitə olduğu görünür:

"“Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində “kiçik elektrik nəqliyyat vasitəsi” anlayışı ayrıca müəyyən edilib və bunun üçün mühərrikin gücü, qurğunun çəkisi, ölçüləri, sükanının hündürlüyü və digər texniki göstəricilər nəzərə alınır. Yəni həmin avtomobilin sadəcə elektriklə işləməsi onu avtomatik olaraq bu kateqoriyaya aid etmir, bunun üçün texniki göstəricilər ayrıca qiymətləndirilməlidir. Əgər vasitə qanundakı kiçik elektrik nəqliyyat vasitəsinin meyarlarına cavab verirsə, “Yol hərəkəti haqqında” Qanunun 46-1-ci maddəsinə əsasən onun ümumi istifadədə olan avtomobil yolunda hərəkətinə yalnız müəyyən qaydalar daxilində, o cümlədən yolun sağ kənar zolağı ilə icazə verilir. Sağ kənar zolaqdan başqa zolaqlarla hərəkət edilməsi isə qadağandır. Bu tələb pozulduqda İnzibati Xətalar Məcəlləsinin 338.4-1.1-ci maddəsi tətbiq oluna və şəxs 40 manat məbləğində cərimə edilə bilər".

Həmsöhbətimiz vurğuladı ki, “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsi bütün yol hərəkəti iştirakçılarından təhlükəsiz şərait yaratmağı, öz hərəkəti ilə digər şəxslərə və onların nəqliyyat vasitələrinə təhlükə və zərər yaratmamağı tələb edir:

"Ona görə də intensiv avtomobil hərəkətinin olduğu yola bu ölçüdə və konstruksiyada nəqliyyat vasitəsi ilə çıxmaq həm digər sürücülərin hərəkəti, həm də həmin şəxsin öz həyatı və sağlamlığı üçün real risk yaradırsa, yol polisi belə hərəkətin qarşısını almaq, şəxsi yol hərəkətindən kənarlaşdırmaq və təhlükəli davranışın yolverilməzliyi barədə ona profilaktik xəbərdarlıq etmək səlahiyyətinə malikdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən