Kök hüceyrələri ilə bağlı tibb müəssisələrinin fəaliyyət çərçivəsi genişləndirildi - QƏRAR

 00:38 10.09.2026     385

Azərbaycanda kök hüceyrələri ilə bağlı fəaliyyət göstərən tibb müəssisələrinin hüquqi çərçivəsi genişləndirilib.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin 9 sentyabr tarixində qəbul etdiyi iki qərarla kök hüceyrələri həm donor materiallarının götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısına, həm də donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına əlavə edilib.

Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, həmin siyahının müvafiq sətrinə “ağciyər” sözündən sonra “kök hüceyrələri” sözləri əlavə olunub.

Eyni zamanda, Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na da dəyişiklik edilib.

Bu siyahının müvafiq sətrinə də “ağciyər” sözündən sonra “kök hüceyrələri” sözləri əlavə olunub.

Beləliklə, kök hüceyrələri ilə bağlı fəaliyyət hər iki sənəddə – həm donor materiallarının götürülməsi və digər müvafiq prosesləri həyata keçirən tibb müəssisələrinin, həm də transplantasiyanı həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısında ayrıca nəzərdə tutulub.

Qeyd edək ki, qərarların mətnində konkret tibb müəssisələrinin adları göstərilmir. Həmçinin sənədlərdə kök hüceyrələrinin transplantasiyasına ümumi şəkildə “icazə verilməsi” barədə müddəa yoxdur. Dəyişikliklər bu sahədə fəaliyyət göstərən tibb müəssisələrinin müvafiq siyahılara daxil edilməsini nəzərdə tutur.

Hər iki qərar Baş nazir Əli Əsədov tərəfindən 9 sentyabr 2026-cı ildə imzalanıb.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən