30 dəqiqə ərzində metro üçün ikinci dəfə pul tutulmasın - Deputatdan Bakıdakı narazılıqlarla bağlı MÜHÜM TƏKLİF

 15:43 10.09.2026     741

"Bakı şəhərində ictimai nəqliyyat problemini kökündən həll etmək üçün müvafiq işlər həyata keçirilir. Bunlardan biri də metro şəbəkəsinin şaxələndirilməsi, yeni metro stansiyalarının tikilməsi və metro qatarlarının intervalının azaldılmasıdır".

Bunu Redaktor.az-a paytaxtda yerüstü nəqliyyatdakı problemlərdən danışan deputat Naqif Həmzəyev bildirdi.

O vurğuladı ki, uzun illərdir yığılıb qalan bu problemin həlli üçün hazırda "Nizami" və "28 May" stansiyaları arasında yeni tunelin tikintisi həyata keçirilir:

"Gec-tez bu layihə icra edilməli idi. Bu baxımdan, hazırkı dövrdə layihənin həyata keçirilməsi ilə ciddi bir problemlə üzləşmişik. Sərnişinlər əvvəlki kimi, alışdıqları rahatlıqla hərəkət edə bilmirlər və məcburən "28 May"dan "Nizami" metrosuna və digər istiqamətlərə avtobus və ya digər nəqliyyat vasitələri ilə getməli olurlar. Bu da istər-istəməz metronun vaxtında daşıdığı sərnişin yükünün artıq digər ictimai və fərdi nəqliyyat vasitələrinə ötürülməsinə səbəb olur. İstənilən halda, bu problemin həlli ilə bağlı AYNA və aidiyyəti qurumlar tərəfindən müxtəlif alternativlər təqdim edilib. Ekspres avtobuslar fəaliyyət göstərir. Mən özüm də onlardan istifadə etmişəm, kifayət qədər yaxşıdır və tez-tez hərəkət edirlər. Ancaq düşünürəm ki, universitetlərin və orta məktəblərin açılması ilə bu xidmətə tələbat daha da arta bilər. Bu baxımdan həmin avtobusların sayını mütləq artırmalıyıq. Bu, çox vacibdir. Eyni zamanda, bəlkə də AYNA və digər aidiyyəti qurumlar bu təklifi də dəyərləndirə bilərlər: Əgər sərnişin metrodan istifadə edərək "28 May" metro stansiyasına çıxırsa, daha sonra avtobusla "Nizami" metro stansiyasına gedir və oradan hərəkətini davam etdirirsə, yaxın 30 dəqiqə ərzində onun ikinci dəfə metro üçün ödəniş etməsi, məncə, düzgün olmamalıdır.

Bu problemi də həll etmək mümkündür. "BakıKart" vasitəsilə ödəniş edilibsə, həmin müddət ərzində təkrar ödənişi ən azı aradan qaldırmaq olar. Ancaq avtobuslarda ödənişin tamamilə aradan qaldırılması və ya onların ödənişsiz edilməsi ekspertlər tərəfindən daha ağır bir layihə kimi dəyərləndirilir. Bu baxımdan, ən azı metroda təkrar ödənişi ləğv edə və sərnişinlərə müəyyən güzəştlər təklif edə bilərik. Düşünürəm ki, bunun həlli mümkündür".

Naqif Həmzəyevin fikrincə, istənilən halda, qarşıdakı 11-12 ay ərzində sərnişinlər üçün müəyyən çətinliklər olacaq.

"Ancaq bir daha qeyd edirəm ki, problemi həll etmək üçün bu addım atılmalı idi və bu baxımdan biz buna alışmalıyıq. Bununla belə, AYNA və aidiyyəti qurumlar problemin daha da böyüməməsi və sərnişinlərin rahatlığının təmin olunması üçün alternativ variantlar üzərində də işləməlidirlər. Xüsusilə ekspres avtobusların sayının artırılması və intervalın azaldılması önəmlidir. Pik saatlarda bu məsələyə daha ciddi diqqət yetirməliyik. Burada əlavə bir yük də yol polisi əməkdaşlarının üzərinə düşür. Onlar pik saatlarda tıxacların yaranmaması üçün yollarda hərəkəti tənzimləyirlər. İnanıram ki, onların da dəstəyi ilə biz bu dövrü arxada qoya biləcəyik. Metrodakı təmir və yenidənqurma işləri başa çatdıqdan sonra daha rahat şəkildə metrodan istifadə edəcəyik. Yeni metro stansiyalarının tikilməsi ilə də ictimai nəqliyyatda yaranan sıxlığın qismən aradan qalxdığının şahidi olacağıq", - deyə deputat yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən