“Heyvanların kəsilməsinə yaş və çəki məhdudiyyəti qoyulmalıdır” - Komitə sədri

 16:12 11.09.2026     1263

Prezident İlham Əliyevin qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dünən imzaladığı sərəncam Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatı və heyvandarlığın inkişafı baxımından qarşıda duran vəzifələri bir daha gündəmə gətirib.

Bəs yeni sənəd heyvandarlığın inkişafı, heyvanların sağlamlığının qorunması və erkən yaşda kəsimin qarşısının alınması baxımından hansı əhəmiyyət daşıyır? Heyvanların identifikasiyası, onların yaşına və çəkisinə uyğun kəsimin tənzimlənməsi istiqamətində hansı addımlar atılmalıdır?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Redaktor.az-a açıqlamasında bildirdi ki, aqrar sektorun inkişafı, o cümlədən heyvandarlığın daha da inkişaf etdirilməsi dövlət siyasətində mühüm istiqamətlərdən biridir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda, eləcə də bir çox fərman və sərəncamlarda, ölkə rəhbərinin çıxışlarında aqrar sektorun inkişafına çox böyük diqqət verilir və bu sahədə heyvandarlığın daha da inkişaf etdirilməsi ön plana çəkilir.

Heyvandarlığın inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması, insanların ət, süd və digər məhsullarla təmin olunması baxımından çox əhəmiyyətlidir. Bu proqramdan irəli gələn vəzifələr artıq yerinə yetirilməkdədir və bu günlərdə Aqrar Subsidiya Şurası çox mühüm bir qərar imzaladı və o qərarda da aqrar sektorun əksər sahələrində subsidiyaların artırılması nəzərdə tutulub. Eləcə də heyvandarlıq da bu sahədə diqqət mərkəzindədir”.

Onun sözlərinə görə, heyvandarlığın inkişafı ilk növbədə mal-qaranın sağlamlığından keçir. Deputat bildirdi ki, heyvanlarda müəyyən xəstəliklərin vaxtında aradan qaldırılması və qarşısının alınması üçün diqqət və qayğı artırılmalıdır:

“Əlbəttə ki, heyvandarlığın inkişafı ilk növbədə mal-qaranın sağlamlığından keçir. Müəyyən xəstəliklərin tez bir zamanda aradan qaldırılmasında, qarşısının alınmasında verilən diqqətlə, qayğı ilə əlaqədardır. Ona görə də mütləq heyvanların identifikasiya edilməsi prosesi davam etdirilməlidir və bu istiqamətdə də müəyyən işlər gedir.

Dövlət Proqramında da, eləcə də Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərarda da, bu günlərdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı artıq təqdim olunub və imzalanıb. Bütün bu proqramlarda, fərman və sərəncamlarda insanların mənafeyi, onların sağlamlığının qorunması, istehsalın artırılması başlıca bir məqsəd, vəzifə kimi qarşıya qoyulur. Bunun üçün də intensiv metodlara, qabaqcıl təcrübələrin öyrənilməsinə imkan yaradılmalıdır”.

T.Rzayev heyvanların erkən yaşda kəsilməsi məsələsinə də diqqət çəkdi. O bildirdi ki, bu istiqamətdə artıq bir neçə ildir təkliflər irəli sürür və belə kəsimlərin qarşısının alınmasının vacibliyini qeyd edir:

“Ancaq bu gün bir çox mütəxəssislər, eləcə də aqrar sektorla məşğul olan insanlar heyvanların erkən yaşında kəsiminin qarşısının alınması ilə əlaqədar təkliflər irəli sürürlər. Bu təkliflə mən bir neçə ildir ki, istər parlamentdə, istər mətbuat sahələrində çıxış edirəm və bunun uğursuz səbəbləri izah olunur. Lakin çox təəssüflər olsun ki, elə mütəxəssislər, elə insanlar var ki, əslində bunu qeyri-qanuni, sağlam məntiqə sığmayan bir təklif kimi əlaqələndirirlər.

Yaxşı, 8-9, 7 kilo çəkidə olan, 40-50 kilo çəkidə olan quzunun, buzovun kəsilməsi bizə nə vəd edir? Axı bu, heyvandarlığın kökünü kəsir”.

Komitə sədri vurğuladı ki, əsas məqsəd cins heyvanların yetişdirilməsi, onların çəkisinin artırılması və daha məhsuldar heyvandarlığın formalaşdırılması olmalıdır:

“Bu gün söhbət heyvanların cinsinin yaxşılaşdırılmasından, çəki verən heyvanların inkişafından gedir. Bu gün qarşıya məqsəd qoyulur ki, biz heç olmasa qoyunların, xırda buynuzlu heyvanların heç olmasa çəkisini 50-60 kiloqrama çatdırmalıyıq. 600 kiloqrama iri buynuzlu heyvanları çatdırmalıyıq və bundan sonra kəsimə getməlidirlər.

Ancaq çox təəssüflər olsun ki, bəzi hallarda bu yaxşı qarşılanmır. Ona görə də elə bilərəm, bu sahədə mütləq müəyyən məhdudiyyətlər qoyulmalıdır. Yaşa, çəkiyə, cinsə görə heyvanların kəsilməsinin tənzimlənməsi çox vacibdir. Bu sahədə nümunəvi olan dövlətlərin təcrübəsi öyrənilməlidir.

Çox yaxşı haldır ki, indi artıq bir çox sənədlərdə bu əksini tapır ki, mütləq biz erkən yaşda heyvanların kəsilməsinə getməməliyik. Müəyyən mütəxəssislər, sabahı görən insanlar bu barədə öz fikirlərini söyləyirlər. Biz əgər erkən yaşda bu heyvanları kəsiriksə, bəs mütləq heyvanların sayı azalmalıdır, çünki artım olmayacaq”.

Deputatın fikrincə, erkən kəsimin qarşısının alınması ilə yanaşı, bu məsələdə əhali arasında maarifləndirmə işlərinin də genişləndirilməsinə ehtiyac var:

“Əlbəttə ki, bu sahədə maarifləndirmə genişləndirilməlidir, izah olunmalıdır və deyilməlidir ki, kəsilən o quzunun əti o qədər orqanizm üçün faydalı deyil. Mütləq ət yetişməli, o özünü tutmalı və insanın orqanizminə müəyyən faydalar verməlidir.

Ona görə də ölkə rəhbəri tərəfindən həyata keçirilən, imzalanan bütün sənədlər əhəmiyyətli, dəyərlidir. Bu, elmə, beynəlxalq təcrübəyə, günün reallıqlarına əsaslanır. Bunu hər bir insan aşılamalıdır, öyrənməlidir, bilməlidir. Qabaqcıl təcrübəyə, mütərəqqi üsullara istinad olunmalıdır.

Sözsüz ki, belə olan halda biz aqrar sektorun inkişafına nail ola bilərik, eləcə də heyvandarlıq sürətlə inkişaf edər, ət, süd, heyvandarlıq məhsullarının qiyməti aşağı düşər. Sözsüz ki, bu da insanların özlərinin rahatlığı, yaşayışı üçün çox vacibdir, əhəmiyyətlidir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən