Süni intellekt qida zəhərlənmələrini əvvəlcədən proqnozlaşdıracaq? - AÇIQLAMA 

 15:15 14.09.2026     5957

Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan Dövlət Proqramında qida təhlükəsizliyinə nəzarətdə rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi də nəzərdə tutulub.

Belə ki, qida məhsullarının istehsaldan son istehlakçıya qədər bütün mərhələlərdə izlənilməsi üçün vahid izləmə altsistemi yaradılacaq. Pilot layihə çərçivəsində 50 qida subyektinin bu proqram təminatına qoşulması təmin ediləcək. Qida məhsullarının saxtalaşdırılmasının qarşısının alınması üçün radiotezlikli identifikasiya və IoT kimi (Internet of Things — Əşyaların İnterneti) texnologiyalardan istifadənin təşviqi planlaşdırılır. Bundan başqa, qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlilinə imkan verən süni intellekt modeli tətbiq ediləcək.

Maraqlıdır, süni intellektin qida təhlükəsizliyi sahəsində tətbiqi hansı riskləri əvvəlcədən müəyyən etməyə imkan verə bilər?

Süni intellekt qida zəhərlənmələri və digər potensial təhlükələri baş verməmişdən əvvəl proqnozlaşdıra bilərmi?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov Redaktor.az-a açıqlamasında bildirdi ki, qida təhlükəsizliyi sahəsində rəqəmsal transformasiya və süni intellektin tətbiqi sadəcə inzibati nəzarəti asanlaşdırmır, reaktiv (hadisə baş verəndən sonra müdaxilə edən) yanaşmanı proaktiv (hadisəni baş vermədən öncə önləyən) modelə çevirir:

"Təsdiq olunmuş Dövlət Proqramı çərçivəsində yaradılacaq vahid izləmə altsistemi, IoT və radiotezlikli identifikasiya (RFID) texnologiyaları tarladan və ya istehsalatdan süfrəyə qədər olan bütün zənciri "canlı rəqəmsal məlumat axınına" gətirir. Süni intellekt (Sİ) məhz bu böyük məlumat kütləsini (Big Data) real vaxt rejimində təhlil edərək gizli riskləri və anomaliyaları insandan dəfələrlə sürətli aşkar edə bilər.

Süni intellekt modulları qida zəncirində əvvəlcədən bir çox kritik riskləri müəyyən etmək gücünə malikdir. Ən təməl risklərdən biri soyuq zəncirin (Cold Chain) pozulmasıdır. Məhsulun daşınması və saxlanmasında temperatur/rütubət sensorlarından gələn IoT məlumatları Sİ tərəfindən analiz edilir; xarab olma riski yarandığı an sistem avtomatik həyəcan siqnalı verir. Bundan əlavə, saxtalaşdırma və mənşəyi naməlum məhsul riski önlənir. RFID və rəqəmsal kodlaşdırma sayəsində sistem məhsulun xammal mənbəyi, xüsusi sertifikatları və həqiqi istehsalçısı haqqında zəncirdə boşluq olan kimi xəbərdarlıq edir. Həmçinin istehsalat müəssisələrində görüntünün emalı (Computer Vision) alətləri vasitəsilə sanitar-gigiyenik qaydaların pozulması və xammalda yad cisimlərin varlığı ilkin mərhələdə görünür".

Müsahibimiz vurğuladı ki, süni intellekt qida zəhərlənmələrini və epidemioloji təhlükələri baş verməmişdən əvvəl proqnozlaşdıra bilər:

"Bu, proqnostik analitika (Predictive Analytics) alətləri vasitəsilə həyata keçirilir. Sistem təkcə laboratoriya analizlərini deyil, eyni zamanda meteoroloji məlumatları (temperatur artımı mikrobioloji riskləri artırır), logistika vaxtlarını, sosial şəbəkələrdə istifadəçi şikayətlərini və hətta apteklərdə mədə-bağırsaq dərmanlarının satış dinamikasını çarpaz təhlil edir. Əgər hər hansı regionda və ya spesifik məhsul partiyasında mikrobioloji risklərin (Salmonella, E. coli və s.) yaranma ehtimalı statistik normanı keçərsə, Sİ risk xəritəsində qırmızı zona yaradır. Bu texnologiyaların uğuru pilot layihədə iştirak edən 50 qida subyektinin məlumat sistemlərinin keyfiyyətindən və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mərkəzi məlumat bazası ilə tam inteqrasiyasından asılıdır. İzləmə sistemləri və süni intellekt modelləri tam gücü ilə işlədikdə, zəhərlənmə və ya qida təhlükəsi riski daşıyan məhsul partiyası hələ market rəflərinə çatmadan və ya kütləvi satışa çıxarılmadan rəqəmsal olaraq bloklanır və dövriyyədən çıxarılır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən