Dövlət və özəl sektorda YENİ DÖVR: Onlayn iş rejimi gündəmdə!

 16:07 15.09.2026     613

Hər il sentyabr ayında təkrarlanan eyni mənzərə bu gün də dəyişmədi: tədris ilinin startı ilə Bakı küçələri növbəti dəfə böyük tıxac halqasına düşdü. Mənzil başına çatmaq üçün saatlarını yollarda itirən şəhər sakinləri sosial şəbəkələrdə etirazlarını dilə gətirirlər. Şəhərin nəqliyyat yükünü azaltmaq üçün artıq radikal və müasir addımlara ehtiyac var.

Bəs mərkəzə axını səngitmək məqsədilə müəyyən fəaliyyət sahələrində distant və ya elastik iş rejiminin tətbiqi mümkündürmü?

Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov qeyd etdi ki, artıq bu gündən etibarən dövlət qurumlarında çevik iş rejimi tətbiq olunmağa başlanıb:

"Təbii ki, bu, ilk sınaq müddətində tətbiq olunan bir sistemdir. Növbəti iki ay ərzində bu, sınaq müddəti olaraq tətbiq olunacaq. Sözsüz ki, bu, həm də mexanizmin təkmilləşməsinə imkan verəcək. O baxımdan, əslində, dolayısı tədbirlərdən istifadə imkanlarına baxılır və bu istiqamətdə addımlar atılır. Amma sözsüz, xüsusi günlərdə tıxac daha çox diqqəti cəlb edir. Ona görə də infrastrukturun genişləndirilməsi ilə yanaşı, həm də dolayı metodlardan istifadə olduqca vacibdir".

Onun sözlərinə görə, çevik iş rejimi və buna uyğun olaraq da onlayn, yəni hibrid formada iş sisteminin genişləndirilməsi çox əhəmiyyətlidir:

"Bu, Məşğulluq Strategiyasında da öz əksini tapıb. Ona görə də təbii ki, çevik iş rejimi ilə yanaşı, həm də hibrid formada, yəni bir sıra qurumlarda onlayn işin tətbiqi məqsədəuyğun olardı. Artıq əksər Avropa ölkələrində vətəndaşlar həftənin bəlli günlərini onlayn olaraq işləyirlər, bəzi günlərini ofisdə işləyirlər. Amerika Birləşmiş Ştatlarında bu praktika artıq tətbiq olunur. Ona görə də oxşar təcrübənin Azərbaycanda tətbiqi xüsusilə özəl sektorda, eyni zamanda dövlət müəssisələrində müəyyən xərclərə qənaət etməyə imkan yaradar, həmçinin tıxacların azaldılmasına da müsbət təsir göstərər".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən