2530 avtobus Bakını xilas edəcək, yoxsa tıxacı artıracaq? - AÇIQLAMA

 19:39 15.09.2026     738

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqladığı məlumata görə, sentyabrın 15-dən Bakıda marşrut xətlərinə cəlb edilən avtobusların sayı 2530-a çatdırılıb və bu, son illərin ən yüksək göstəricisidir. Müqayisə üçün, 2025-ci ildə 2340 avtobus xəttə çıxırdı. Yəni söhbət təxminən 190 əlavə avtobusdan gedir. Son beş ildə isə avtobusların sayı 1780-dən 2530-a yüksələrək təxminən 42 faiz artıb. Bu artım sərnişindaşıma baxımından, xüsusilə yeni tədris ilinin başlanması və sərnişin axınının yüksəlməsi fonunda, əlbəttə ki, vacibdir. Lakin məsələyə yalnız “avtobusların sayı artdı, deməli, problem həll olundu” prinsipi ilə yanaşmaq düzgün olmaz”.

Bu sözləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bu gündən etibarən Bakıda avtobusların sayının rekord həddə – 2530-a çatdırılmasından danışarkən bildirdi.

Müsahibimizin sözlərinə görə, əgər avtobusların sayı artırılırsa, paralel şəkildə həmin avtobusların küçələrdə maneəsiz və fasiləsiz hərəkət etməsi üçün infrastruktur da genişləndirilməlidir:

“Çünki avtobus zolağı olmayan küçədə avtobus da minik avtomobili ilə eyni tıxacın içərisində qalır. Belə vəziyyətdə xəttə əlavə 5, 10 və ya 20 avtobus buraxmaq müəyyən həddən sonra marşrutun real daşıma qabiliyyətini gözlənilən qədər artırmaya bilər; avtobuslar tıxac səbəbindən dayanacaqlara gecikir, intervallar pozulur, bir neçə avtobus ard-arda toplanır və nəticədə yolun üzərində nəqliyyat vasitələrinin sayı artır. Buna görə müəyyən küçələrdə və yolayrıclarında, xüsusilə buraxılış qabiliyyəti onsuz da aşağı olan hissələrdə əlavə avtobusların lokal sıxlıq yaratması mümkündür. Amma buradan “avtobusların sayı artdıqca Bakıda tıxac da artır” nəticəsini çıxarmaq da doğru olmaz. Burada əsas məsələ bir nəqliyyat vasitəsinin yolda nə qədər yer tutması deyil, həmin nəqliyyat vasitəsinin neçə insan daşımasıdır”.

Ekspert vurğuladı ki, bir avtobus pik saatda onlarla sərnişini daşıya bilir və həmin insanların müəyyən hissəsi ictimai nəqliyyatın rahatlığı və əlçatanlığı artdığı üçün şəxsi avtomobildən imtina edərsə, əksinə, küçədə avtomobillərin ümumi sayı azala bilər:

“Yəni 10 əlavə avtobus yüzlərlə insanın şəxsi avtomobillə səfərinin qarşısını alırsa, həmin avtobuslar tıxac yaradan deyil, tıxacı azaldan vasitəyə çevrilir. Problem o zaman yaranır ki, biz avtobusların sayını artırırıq, amma onları şəxsi avtomobillərdən daha sürətli və daha üstün nəqliyyat vasitəsinə çevirə bilmirik. Sərnişin görürsə ki, öz avtomobili ilə 40 dəqiqəyə getdiyi məsafəni avtobusla eyni tıxacın içərisində 60–70 dəqiqəyə gedəcək, üstəlik, dayanacaqda avtobus gözləyəcək, onun şəxsi avtomobildən imtina etməsi üçün ciddi motivasiya yaranmır. Ona görə 2530 avtobusun real nəticəsini qiymətləndirərkən təkcə “xəttə neçə avtobus çıxdı?” göstəricisinə baxmaq kifayət deyil. Əsas göstəricilər avtobusların orta kommersiya sürəti, dayanacaqlar arasındakı səfər müddəti, intervalların qorunması, bir avtobusun gün ərzində neçə reys yerinə yetirməsi və ən əsası, neçə sərnişinin şəxsi avtomobildən ictimai nəqliyyata keçməsidir. Məsələn, tıxac səbəbindən bir avtobus əvvəl gün ərzində 10 dövrə vururdusa, indi 7–8 dövrə vurursa, xəttə əlavə avtobus buraxmaqla biz əslində problemin səbəbini deyil, nəticəsini kompensasiya etmiş oluruq. Məncə, Bakıda avtobus parkının böyüdülməsi ilə paralel əsas magistrallarda avtobus zolaqları vahid və əlaqəli şəbəkəyə çevrilməli, həmin zolaqların yolayrıclarında birdən-birə kəsilməsinin qarşısı alınmalı, avtobuslara svetoforlarda hərəkət üstünlüyü verilməli, dayanacaqların yerləşməsi və dayanacaq ciblərinin quruluşu yenidən qiymətləndirilməli, qanunsuz parklanma və avtobus zolaqlarının zəbt edilməsinə ciddi nəzarət olunmalıdır. AYNA özü də son dövrdə 8 ekspres marşrutun təşkil edildiyini və 28 müntəzəm xəttin gücləndirildiyini bildirir. Bu tədbirlərin səmərəsi məhz həmin avtobusların nə qədər sərbəst hərəkət edə bilməsindən asılı olacaq”.

Adil Nəbiyevin fikrincə, əgər 2530 avtobusun böyük hissəsi ümumi avtomobil axınının içində hərəkət edəcəksə, müəyyən küçələrdə əlavə yük yaranması qaçılmazdır; əgər avtobuslara real hərəkət üstünlüyü verilərsə və bunun nəticəsində daha çox insan şəxsi avtomobilini evdə saxlayarsa, 2530 avtobus tıxacın səbəbi deyil, əksinə, həllinin əsas elementlərindən biri ola bilər:

“Burada şəhər nəqliyyatının əsas fəlsəfəsini dəyişmək lazımdır: məqsəd küçədən maksimum sayda avtomobil keçirmək deyil, minimum yol sahəsindən maksimum sayda insan daşımaq olmalıdır. Bu baxımdan avtobus sayının rekord həddə çatdırılması müsbət addımdır, amma onun effektivliyini avtobusların sayı deyil, avtobusların sürəti, intervalı, sərnişin sayı və şəxsi avtomobildən ictimai nəqliyyata keçidin səviyyəsi göstərəcək”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən