Birinci sinfə qəbul niyə azalır? – Vüqar Bayramovdan TƏKLİFLƏR

 16:24 15.09.2026     432

Azərbaycanda son illərdə birinci sinfə qəbul olunan uşaqların sayında davamlı azalma müşahidə edilir. İlkin göstəricilərə əsasən, 2019-cu ildə təxminən 165 min uşaq birinci sinfə qəbul olunduğu halda, 2026-cı ildə bu rəqəm 124 minə düşüb. Yeddi il ərzində göstəricinin təxminən 25 faiz azalması ölkədə demoqrafik dinamika ilə yanaşı, təhsil sisteminin gələcək planlaşdırılması baxımından da müəyyən suallar yaradır.

Bu tendensiyanın əsas səbəbləri nələrdir və bu proses ölkənin əmək bazarına, sosial siyasətə və təhsil sisteminə gələcəkdə necə təsir göstərə bilər? Dövlət bu istiqamətdə hansı tədbirləri nəzərdən keçirməlidir?

Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, təbii artımın dəstəklənməsi Azərbaycanda prioritet məsələlərdən biridir:

"Sözsüz ki, statistika da göstərir ki, təbii artım faizi müsbət olsa da, dinamikada azalmalar var. Ümumiyyətlə, bu istiqamətdə sosial tədbirlərin genişləndirilməsini müşahidə edirik. Eyni zamanda təbii artımın dəstəklənməsi ilə bağlı bizim də təkliflərimiz təqdim olunub. Çünki təbii artım, sözsüz ki, əmək bazarında tələbin ödənilməsi və insan kapitalının inkişafı baxımından çox vacibdir. Bu gün inkişaf etmiş ölkələr üçün ən vacib çağırışlardan biri təbii artımdakı azalmadır. Ona görə də bu çağırışların Azərbaycanda baş verməməsi üçün preventiv tədbirlərin genişləndirilməsi çox vacibdir".

İqtisadçı qeyd etdi ki, ölkəmizdə innovativ ekosistemin qurulduğunu nəzərə alsaq, bu kontekstdə də təbii artımın dəstəklənməsinə ehtiyac var:

"Sözsüz ki, burada uşaqlı ailələrə sosial dəstəyin daha da genişləndirilməsi, fərqli proqramların tətbiq olunması, eyni zamanda maarifləndirmə və psixoloji tədbirlərdən istifadə çox vacibdir. Bütün bunlar təbii artıma təsir göstərən amillər hesab olunur. O baxımdan, təbii artımın dəstəklənməsi prioritetdir. Çünki bu, əmək bazarındakı dayanıqlığın qorunub saxlanılması və insan kapitalının inkişafı baxımından çox vacibdir. Ona görə də bu gün təqdim olunan təkliflər və müzakirə olunan məsələlər birbaşa bu istiqamətdə sosial tədbirlərin daha da gücləndirilməsini özündə ehtiva edir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən