107 nömrəli avtobusun intervalı niyə pozulur? - "Çinar Trans"dan AYNA ilə bağlı AÇIQLAMA
Buzovna–"Koroğlu" metrosu istiqamətində hərəkət edən 107 nömrəli avtobusla bağlı sərnişinlərin davam edir. Onlar avtobusların müəyyən edilmiş intervala uyğun hərəkət etmədiyini bildirirlər.
Buzovna sakinlərdən birinin sözlərinə görə, dünən axşam saatlarında vəziyyət daha da diqqətçəkən olub. Belə ki, 107 nömrəli avtobus Koroğlu dayanacağından saat 18:29-da yola düşüb. Növbəti avtobus isə yalnız saat 18:55-də dayanacağa çatıb və 19:01-də hərəkətə başlayıb.
Bu isə 107 nömrəli avtobusun faktiki hərəkət intervalı ilə bağlı sual yaradır. Əgər xətt üzrə avtobuslar daha qısa intervalla hərəkət etməlidirsə, nə üçün sərnişinlər növbəti avtobusu təxminən 30 dəqiqə gözləməli olurlar?
Redaktor.az məsələ ilə bağlı avtobusların məxsus olduğu "Çinar Trans" MMC-yə sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, Buzovnada 4 aydır, haradasa 250 metr uzunluğunda olan yerdə kanalizasiya sisteminin çəkilməsi başa çatmır:
"Marşrut Buzovnanın dar küçələrində hərəkət edir. Avtobusun önündə də avtomobillər olanda avtobus keçə bilmir, gözləməyə məcbur olur və bu, yubanmağa səbəb olur. Bu avtobuslar qazla işləyir. Eyni zamanda avtobus xətdən çıxır və qaz vurmağa gedir. Nəinki 107, 214, 160 da xətdən çıxır, qaz vurmağa gedir. Avtobus xətti tərk edəndən sonra, deməli, "Koroğlu"da avtobus olmayacaq. Belə olduqda, intervalı 11 dəqiqə olan avtobus dayanacağa 30 dəqiqəyə gəlir. Avtobuslar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyətində olan yanacaq doldurmaya gedir. Bu məsələyə AYNA nəzarət edir. 40, 81, 165, 133 – bu avtobusların hamısına qazı axşamdan vururuq. Avtobuslar daim işləyir və yanacaq doldurmaya gedirlər. Səhər-səhər avtobusun qazı ola-ola biz onu qaz vurmağa göndərsək, yenə axşam qaza gedəcək. Biz səhər tezdən qaz doldursaq, axşama qədər bu kilometrə 107-nin qazı çatdırmır. Artıq gün ərzində iki dəfə yanacaq doldurmaya girməlidir. Normal yanacaq doldurmalarda olan qazların təzyiqi aşağıdır, onlar ancaq balaca maşınlar üçündür, yəni fərdi maşınlar üçün. Bu maşınlara qaz vurmaq üçün bunun təzyiqi güclü olmalıdır ki, qaz bunun balonlarını doldura bilsin. Bu da ancaq və ancaq AYNA-nın həyətindədir. Bizə də bir yer verilir. Avtobusun biri 21 dəqiqəyə dola bilir. Amma marşrutun əslində xətdən çıxıb yanacağa getməsi düzgün hal deyil. Marşrut axşamdan qazla doldurulmalı, hazır olmalı, səhər işə başlamalıdır. Yəni bizdə vəziyyət bu formadadır. Neçə dənə xətt bu formadadır. Hamısını xətdən çıxardırıq. “BakuBus”un avtobusları "Koroğlu"da elektriklə işləyənlərdir, hamısı gündüz orada elektriklə doldurulur. Onların da şəraiti olmasa, bizim kimi çətinlik çəkərlər. Yəni onlarda var, bizdə yoxdur".
Aytəkin TOFİQQIZI













