Evdə günəş paneli quraşdırıb elektrik pulundan xilas olmaq mümkündürmü? - AÇIQLAMA
Milli Məclisin deputatı Vüqar Bayramov vətəndaşların bərpa olunan enerjidən istifadə etməsinin bir sıra ölkələrdə tətbiq olunduğunu qeyd edib.
Millət vəkili bu aspektdən çıxış edərək bildirib ki, vətəndaşlarımızın günəş panelləri quraşdıraraq günəş və külək enerjisindən istifadə etməklə öz enerji istehlakını təmin etməsinə imkan var.
Bəs vətəndaşlar fərdi evlərində günəş panelləri quraşdıraraq öz enerji tələbatlarını təmin edə bilərlərmi? Artıq istehsal olunan enerjinin dövlətə satılması və elektrik şəbəkəsinə ötürülməsi üçün hansı imkanlar mövcuddur?
Məsələ haqqında Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, paneli vətəndaş quraşdırmır, sifariş verir, şirkət gəlib quraşdırır:
"Eyni vaxtda da istifadə qaydasını şirkət başa salır. Bu sistemdən vətəndaşlar istifadə edə bilər. Öz şəxsi evlərində, həyətlərində bu cür panellər quraşdıra bilərlər. Burada hər hansı bir problem yoxdur. Şirkətlər də istehlakçıları üçün panelləri quraşdırırlar, yəni burada heç bir məhdudiyyət yoxdur. Sadəcə öz istehsal etdikləri əlavə enerjini dövlətə satmaq məsələsi var ki, onun qanunvericilik əsası olmalıdır. O istiqamətlərdə fikir bildirilib, amma qanunverici əsası yoxdur. Tutaq ki, mən enerji istehsal etdim, özüm istifadə etdim, artıq qalan enerjini nə cür satım, elektrik enerjisi şəbəkəsinə necə geri qaytarım? Yəni bu məqamlarda yəqin ki, texniki infrastruktur lazımdır. Bu, bir az ağır məsələdir".
Aytəkin TOFİQQIZI













