Şəxsiyyət vəsiqəsində ana adı yazılmalıdır? - Deputatdan AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də şəxsiyyət vəsiqələrində ata adı ilə yanaşı ana adının da qeyd olunması ilə bağlı təklifdir. Bu məsələ cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub.
Maraqlıdır, şəxsiyyət vəsiqəsində ana adının da göstərilməsi nə dərəcədə məqsədəuyğundur?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu məsələ kiminsə istəyinə əsasən tənzimlənməməlidir:
"Bu məsələ beynəlxalq standartlara uyğun şəkildə tənzimlənməlidir. Beynəlxalq standart nədirsə, biz də onu etməliyik. Ona görə də bunun hüquqi tənzimlənməsi var. Təbii ki, bəzən ailələr dağıla bilər. Kiminsə bundan narahat olmasına ehtiyac yoxdur. Ailə dağıldığı zaman müvafiq sənədlər var və həmin sənədlər əsasında uşağın atası, anası və digər məlumatlar əksini tapır. Ona görə də açıq-aydın bilinir ki, bu uşağı kim böyüdüb və ona kim tərbiyə verib".

Deputatın fikrincə, narahatlığa əsas yoxdur:
"Əsas olan savadlı, bilikli gəncliyi yetişdirmək və formalaşdırmaqdır. Yəni biz bunun üzərində düşünməliyik, nəinki “ata yazıldı, ana yazıldı” məsələsi ilə. Burada atanın, ananın rolu ondan ibarətdir ki, uşaqlarına yaxşı tərbiyə versinlər. Əgər valideyn övladına yaxşı tərbiyə vermirsə, onda ciddi suallar yaranır. Biz bu barədə ciddi düşünməliyik ki, bunu necə edə bilərik və məsələnin öhdəsindən necə gələ bilərik. Gələcəkdə belə bir yanaşma dünyada standart olarsa, bizim ölkəmizdə də bu forma tətbiq oluna bilər. Amma hazırkı dövrdə mən düşünürəm ki, biz bu kimi məsələlərdənsə, daha önəmli məsələlərə yönəlməliyik".
Xədicə BAXIŞLI













