Kitab oxuyanlara təhsil haqqı və nəqliyyatda güzəşt – Azərbaycanda belə sistem olacaq?

 17:41 17.09.2026     174

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. 

Ölkə “doomscrolling” (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütaliə mədəniyyətini təşviq etmək məqsədilə beşillik milli proqrama başlayıb. Milli Kitabxana Şurası tərəfindən başladılan “ReadSG” kampaniyası çərçivəsində iştirakçılar proqramın veb-saytına və ya mobil tətbiqinə daxil olmağa və gündə ən azı 15 dəqiqə mütaliəyə vaxt ayırmağa dəvət olunurlar.

Bəs Azərbaycanda da belə sistem tətbiq oluna bilərmi? Olunarsa, bu, mütaliə vərdişlərinə necə təsir edə biləcək?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, proqram unikal və innovativ bir yanaşmadır:

"Vətəndaşlara kitab oxuduqları üçün maddi və ya sosial bonusların verilməsini nəzərdə tutan bu sistem, mahiyyət etibarilə davranış iqtisadiyyatının prinsiplərinə söykənir. Azərbaycanda rəqəmsallaşma səviyyəsinin yüksək olması və dövlət xidmətlərinin mobil platformalara sürətli inteqrasiyası ölkəmizdə də belə bir stimullaşdırıcı sistemin tətbiqini tamamilə mümkün və olduqca perspektivli edir. Ölkəmizdə bu sistem birbaşa nağd pul ödənişi şəklində deyil, milli kontekstə uyğunlaşdırılmış “Sosial Təhsil Bonusu” modeli ilə reallaşdırıla bilər. Aidiyyəti nazirliklərin birgə tərəfdaşlığı ilə dövlət büdcəsinə əlavə yük yaratmadan, mövcud sosial-mədəni infrastrukturu aktivləşdirməyə imkan verən xüsusi bir mobil platforma yaradıla bilər".

Onun sözlərinə görə, bu platforma vasitəsilə gündəlik mütaliə normasını yerinə yetirən vətəndaşlara, toplanan ballar müqabilində tələbələr üçün təhsil haqqı endirimləri, ictimai nəqliyyatda güzəştlər, teatr, kino və muzeylərə pulsuz biletlər kimi mühüm imtiyazlar təklif olunar.

"Psixoloji və sosioloji baxımdan yanaşdıqda, oyunlaşdırma və stimullaşdırma ilkin mərhələdə insanı prosesə cəlb etmək üçün effektiv xarici motivasiya rolunu oynayır. Vətəndaş ilkin olaraq bonus qazanmaq üçün oxumağa başlasa da, neyrobioloji olaraq müəyyən müddət ərzində bu fəaliyyət daimi vərdişə çevrilir və zamanla xarici stimul yerini daxili intellektual tələbata verir. Eyni zamanda, manipulyativ və depressiv xəbər axınından uzaqlaşan cəmiyyətdə diqqət dağınıqlığı azalır, analitik və tənqidi təfəkkür, eləcə də stressə davamlılıq səviyyəsi kəskin şəkildə yüksəlir. Sistemin tətbiqi həmçinin mütaliənin məhdud bir dairənin məşğuliyyəti statusundan çıxaraq kütləviləşməsinə və regionlarda yaşayan gənclərin asudə vaxtının səmərəli idarə edilməsinə birbaşa təsir göstərəcəkdir. Oxucu kütləsinin kəskin artması yerli nəşriyyat sektorunun, yazıçı, tərcüməçi və redaktorların iş fəaliyyətini stimullaşdıraraq ölkədə yaradıcı sənaye iqtisadiyyatını da canlandıracaqdır. Sinqapurun təcrübəsi göstərir ki, müasir dövrdə dövlət təkcə fiziki infrastruktura deyil, həm də insan kapitalının keyfiyyətinə investisiya etməlidir və fikrimcə, Azərbaycanda da belə bir sistemin tətbiqi ölkəmizin beynəlxalq miqyasda innovativ, insan mərkəzli və intellektual inkişafa önəm verən dövlət imicini daha da möhkəmləndirəcək", - deyə İ.Orucov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən