“Malın yaxşı nümunələri ekspertizaya verilir, amma digər partiyalar gətirilir” - Eyyub Hüseynov sirləri AÇDI

 10:11 18.09.2026     124

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Vita Milk” MMC-nin idxal etdiyi 20 ton bitki tərkibli spred yağını geri qaytarıb. Səbəb isə məhsulda insan sağlamlığı üçün risk yarada bilən 3-MCPD göstəricisi üzrə uyğunsuzluq aşkarlanmasıdır.

Belə uyğunsuzluqların məhsul Azərbaycana gətirilməzdən əvvəl aşkarlanması mümkün deyilmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi çox nadir hallarda malın adını çəkir.

"Əksər hallarda daxili bazarda satılmış, artıq çox böyük bir hissəsi istehlakçının istehlakından keçmiş malların qalan hissələrinin zibilxanalarda utilizasiyası məsələsi şəffaf şəkildə həyata keçirilmir. Yağın geri qaytarılması normaldır. Bu cür işləri gərək onu idxal edən biznes qurumları etsin. Biznes qurumları məsələlərə diqqətlə yanaşsaydılar, öncədən bu tədbirləri görərdilər. Şübhəsiz ki, bu cür külli miqdarda yağın Azərbaycan bazarına girməsindən öncə biznes qurumları AQTA-ya müəyyən nümunələr verirlər, onlar yoxlama aparırlar. Lakin illər boyu təcrübə göstərir ki, biznes qurumu və yaxud istehsalçı daha təmiz yağı və yaxud malı ekspertizaya verirlər, lakin göndərilən partiyada isə tamam ayrı bir mənzərə olur. Çoxdan yayılmış bir təcrübədir və bu hal, əlbəttə, digər mal qruplarında da özünü göstərir. Yəni malın yaxşı nümunələri ekspertizaya verilir, digər partiyalar gətirilir. Bu yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi bunun adını da çəkdi və qeyd elədi. Nə etmək olar, təhlükəli mal istehlak etməkdənsə, etməmək daha yaxşıdır. Bu, normal bir haldır, davam etməlidir. Biznes qurumları da bu işdən nəticə çıxartmalıdırlar ki, öncədən bu işləri görsünlər", - deyə müsahibimiz yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən