Qoyun saxlamaq üçün tikilən tövlə qonşuya problem yaradırsa, nə baş verə bilər? - AÇIQLAMA 

 19:25 21.09.2026     122

Paytaxt sakinlərindən biri öz həyətində hasara bitişik formada 10-a yaxın qoyun üçün daşdan tövlə tikib. Hasarın digər tərəfində yaşayan qonşu isə tövlədən gələn qoxunun həyətinə yayıldığını bildirərək, tikilinin sökülmədiyi halda sahibini məhkəməyə verəcəyini deyir.

Bəs belə halda tövlə sahibini hansı cəza gözləyə bilər? Həyətdə tövlə tikilməsi və qoyun saxlanılmasına görə cərimə tətbiq edilə bilərmi? Əgər mümkündürsə, cərimənin məbləği nə qədərdir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan vəkil Cavanşir Qasımzadə bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən, fərdi yaşayış evinin həyətində qoyun saxlanılması üçün hər hansı əlavə vergi nəzərdə tutulmur və bu fəaliyyət vergitutma obyekti hesab olunmur:

"Lakin şəxsi təsərrüfatda heyvanların saxlanılması və tövlə tikintisi zamanı normativ məsafələrin saxlanılması və qonşuluq hüquqlarına riayət edilməsi məcburidir. Sanitar və şəhərsalma normativlərinə görə, heyvan saxlanılan tikililər qonşu torpaq sahəsinin sərhədindən və yaşayış evindən müəyyən olunmuş minimum təhlükəsiz məsafədə yerləşməlidir. Tövlənin birbaşa qonşu ilə bölücü divara bitişik tikilməsi və pis qoxunun qonşu həyətə yayılması Mülki Məcəllənin qonşuluq hüququ müddəalarının pozulması deməkdir.
Bu məsələ inzibati cərimə mexanizmindən daha çox mülki-hüquqi müstəvidə tənzimlənir və İnzibati Xətalar Məcəlləsində sırf fərdi həyətdəki qoxuya görə birbaşa cərimə və ya tədbir nəzərdə tutulmur, lakin tikinti normalarının pozulması müvafiq sanksiyalara səbəb olur. Sahibkarı gözləyən əsas hüquqi təhlükə qonşunun məhkəməyə müraciət etməsidir. Mülki Məcəllənin 170-ci və 171-ci maddələrinə əsasən, məhkəmə qonşuluq hüququnun pozulmasını, normativ məsafələrin saxlanılmadığını və mənfi immissiya təsirini nəzərə alaraq tövlənin qonşu divarından kənarlaşdırılması və ya tam sökülməsi haqqında qərar çıxara bilər, eyni zamanda bütün məhkəmə xərcləri də tövlə sahibinin üzərinə düşəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən