Universitetlər və dövlət qurumları regionlara köçürülsün - Komitə sədri Bakıdakı tıxaclardan DANIŞDI
"Bakı şəhərindəki nəqliyyat sıxlığı və tıxaclar son müddətdir insanları narahat edir və bu, əlbəttə ki, düşünməyi, yollar axtarmağı, nəqliyyat marşrutlarının yenilənməsini zərurətə çevirir. Bu sahədə bir sıra tədbirlər görülüb, ancaq yenə də tıxac problemi aradan qaldırılmır".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.
Onun sözlərinə görə, "28 May" və "Nizami" metro stansiyalarının arasında gedən təmir işləri də son günlər tıxacların saatlarla davam etməsinə şərait yaradıb:
"Bunun müəyyən səbəbləri var: Bakıda əhalinin sıxlığı, maşınların çox olması, sürücülərin, eləcə də sakinlərin, piyadaların bir çox hallarda yol hərəkəti qaydalarına düzgün əməl etməmələri, ictimai nəqliyyatdan daha çox istifadə edilməməsi tıxacların yaranmasına imkan yaradır. Açığını demək lazımdır ki, həmişə olsun və bu bizi sevindirir, elə ailə var ki, həyətində 4-5 maşın var və hər bir kəs də işə gedərkən həmin maşınlardan istifadə edir. Bir çox hallarda heç bir səbəb olmadan, heç bir fəaliyyətə əsaslanmadan insanlar marşrutlara, yollara çıxırlar və yersiz-yersiz hərəkətlər edirlər. Bu da müəyyən qədər sıxlıq yaradır".
T.Rzayevin fikrincə, vəziyyəti aradan qaldırmaq üçün Bakıdakı bir çox təhsil müəssisələrinin, nazirlik və komitələrin müəyyən şöbələrinin regionlara köçürülməsi çox vacibdir:
"Çünki demək olar ki, ölkədəki ali təhsil müəssisələrinin əksəriyyəti, kolleclərin, şirkətlərin əksəriyyəti Bakıda yerləşir. Halbuki bunlar öz fəaliyyət profillərinə uyğun olaraq rayonda, ərazilərdə fəaliyyət göstərə bilərlər. Bu da onların işlərini həm səmərəli edə bilər, həm də əhaliyə daha yaxın olarlar və Bakıda tıxac problemi müəyyən qaydada aradan qaldırılar. Hökumətə bununla əlaqədar çoxsaylı müraciət daxil olunub və sözsüz ki, bu sahədə müəyyən tədbirlərin görülməsi bu günün tələbinə çevrilib və bu qaçılmazdır".
Aytəkin TOFİQQIZI













