"Əgər avtobus da tıxacda qalırsa..." - Razi Nurullayev Bakıdakı vəziyyətdən DANIŞDI
"Bakıda nəqliyyat məsələsi artıq insanların gündəlik həyatına birbaşa təsir edən ciddi problemə çevrilib. Səhər və axşam saatlarında şəhərin əsas yollarında hərəkət etmək bəzən ciddi vaxt itkisinə səbəb olur. Xüsusilə “28 May” və “Nizami” stansiyaları arasında metro hərəkətinin dayandırılmasından sonra sərnişin axınının bir hissəsinin avtomobil və avtobus nəqliyyatına keçməsi vəziyyəti daha da həssas edib".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirdi.
"Əlbəttə, metroda aparılan işlərin məqsədi gələcəkdə nəqliyyat sisteminin daha səmərəli və dayanıqlı fəaliyyətini təmin etməkdir. Buna görə də təmir və infrastruktur işlərinin aparılmasını başa düşmək lazımdır. Amma eyni zamanda, belə böyük layihələrin şəhərin gündəlik həyatına yaratdığı yük əvvəlcədən daha ciddi hesablanmalıdır.
Ekspres avtobusların təşkil olunması düzgün addımdır, amma təkcə avtobusların sayını artırmaqla problemi tam həll etmək mümkün deyil. Əgər avtobus da ümumi tıxacda qalırsa, sərnişin üçün alternativin çox da böyük üstünlüyü qalmır. Burada əsas məsələ ictimai nəqliyyata real üstünlük verilməsi, avtobuslar üçün ayrılmış zolaqların daha effektiv işləməsi və nəqliyyat axınının düzgün idarə olunmasıdır".
Millət vəkilinin fikirincə, Bakının nəqliyyat probleminə yalnız bugünkü tıxac kimi yox, şəhərin gələcək inkişafı məsələsi kimi baxmaq lazımdır:
"İnsanları şəxsi avtomobildən ictimai nəqliyyata keçirmədən bu problemi tam həll etmək çətin olacaq. Bunun üçün avtobus rahat, sürətli və vaxt baxımından etibarlı alternativ olmalıdır. Metro, avtobus, parklanma və yol infrastrukturu da bir-birindən ayrı deyil, vahid sistem kimi idarə edilməlidir və bununla bağlı artıq addım atılıb. Nəticəni isə xeyli gözləməli olacağıq.
Digər tərəfdən, şəhərin mərkəzinə daxil olan avtomobillərin sayını azaltmaq üçün kənar ərazilərdə parklanma imkanlarının, nəqliyyat qovşaqlarının və “park et və davam et” sistemlərinin genişləndirilməsi də vacibdir. İnsan avtomobilini şəhərin kənarında saxlayıb rahat şəkildə metro və ya avtobusla mərkəzə gedə bilirsə, onun avtomobillə şəhərin mərkəzinə daxil olmaq ehtiyacı da azalır.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm: bu vəziyyətdə vətəndaşın əsəbi və narazılığı başadüşüləndir. İnsan hər gün yolda iki-üç saat vaxt itirirsə, bunun onun işinə, ailəsinə və ümumiyyətlə həyat keyfiyyətinə təsiri olur. Ona görə də nəqliyyat məsələsində görülən tədbirlər yalnız texniki göstəricilərlə deyil, vətəndaşın gündəlik həyatına təsiri baxımından da qiymətləndirilməlidir.
Məncə, əsas məqsəd tıxacın sadəcə bir küçədən digərinə keçirilməsi yox, şəhərdə hərəkətin ümumi olaraq rahatlaşdırılması olmalıdır. Bunun üçün qısamüddətli tədbirlərlə yanaşı, uzunmüddətli və sistemli nəqliyyat siyasətinə ehtiyac var. Düzdür bununla bağlı layihə həyata keçirilir, amma görünən odur ki, müddət uzun çəkəcək".
Aytəkin TOFİQQIZI













