"Erməni iddialarına ən güclü cavab “Alban yolu”dur" - Tarixçi

 13:10 23.09.2026     161

"Mədəniyyətimizin və dövlətçilik tariximizin bir hissəsi olan Alban irsini araşdırmaq və təbliğ etmək bu gün sadəcə siyasi deyil, həm də mədəniyyət tariximiz baxımından əhəmiyyətlidir. Bu baxımdan düşünürəm ki, Alban-Udi xristian dini icmasının bəyanatı sadəcə siyasi bəyanat deyil, tarixi yaddaşın bərpası və mədəni mənsubiyyətin qorunması uğrunda hüquqi-mənəvi mübarizənin göstəricisidir".

Bu sözləri Redaktor.az-a açıqlamasında tarixçi alim Elnur Nəciyev bildirdi.

O əlavə etdi ki, Alban-Udi xristian dini icması özünü Qafqaz Albaniyası Apostol Kilsəsinin qanuni varisi elan edir və bu, 1836-cı ildə Çar sinodunun qərarı ilə kilsənin ləğv edilərək erməni qriqorianlaşdırılmasına məruz qalması faktına qarşı obyektiv tarixi cavabdır:

"Gəncəsər və Xudavəng kimi abidələrin Ermənistan rəhbərliyi və lobbisi tərəfindən erməni irsi kimi təqdim olunması cəhdləri, regionda formalaşan kövrək sülh prosesini zədələyən revanşizm elementi kimi qiymətləndirilir. Azərbaycan dövlətinin mənsubiyyətindən asılı olmayaraq (məsələn, Kiş kəndindəki kilsə, Nic qəsəbəsindəki "Çotari" və "Məryəm ana" kilsələri) alban abidələrini bərpa etməsi, multikulturalizm siyasətinin real bəhrəsidir. Erməni saxtakarlığına və revanşizminə qarşı ən güclü cavab sadəcə reaktiv bəyanatlar vermək deyil, "Alban yolu" kimi real, fundamental və sahə araşdırmalarına əsaslanan layihələr icra etməkdir.

Son iki ildir ki, Babək İsgəndərovla birgə icra etdiyimiz bu layihə başlanğıc üçün Alban abidələrinin geniş yayıldığı şimal-qərb bölgəsindən, alban irsinin daşıyıcıları olan Şahdağ etnik qrupunun sıx məskunlaşdığı şimal-şərqə doğru uzanan tarixi karvan yolunu turizmə və tariximizə qazandırmaq məqsədi daşıyır. Bu yol üzərindəki ən maraqlı xalqlardan biri də alban tayfalarından biri və o irsi bu gün də yaşadan udilərdir. Haqlı olaraq onlar Azərbaycan ərazisində alban irsini qorumağa və gələcək nəsillərə ötürməyə çalışırlar. Əgər məbədlərin coğrafiyası (Qarabağ, Şərqi Zəngəzur, Qəbələ, Oğuz, Şəki) vurğulanırsa, bizim baxış bucağımız bu coğrafiyanı həm də iqtisadi-mədəni dəhlizə çevirməkdir. Şimal-qərbdən (Mazımçaydakı alban məbədindən) başlayıb Şahdağ etnik qrupunun məskunlaşdığı şimal-şərqə, daha sonra Qarabağa və Zəngəzura doğru uzanan tarixi karvan yolunun öyrənilməsi, bu qədim marşrutun həm elmi, həm də turizm vasitəsilə dünyaya tanıdılması deməkdir".

Alimin sözlərinə görə, "Alban yolu" yalnız udilərin məskunlaşdığı və ya tək-tək abidələrin olduğu nöqtələri deyil, ölkə ərazisindəki bütün qədim xristian alban irsini bir zəncirvari marşrutda birləşdirmək potensialına malikdir:

"Şimal-qərbdən (Şəki, Qəbələ, Oğuz) Şimal-Şərqə (Quba, Qusar), oradan isə Qarabağ və Şərqi Zəngəzura (Xudavəng, Gəncəsər, Amaras) uzanan bu vahid konsepsiya, Azərbaycanın xristianlıq tarixinə parça-parça deyil, bütöv bir dövlətçilik və mədəniyyət tarixi kimi baxdığımızı sübut edir. Biz keçmişimizə bütöv şəkildə sahib çıxırıq. "Alban yolu" layihəsi ilə Azərbaycanın xristian keçmişini vahid bir sistem halına salırıq. Abidələrin xəritələndirilməsi, etnik qrupların (udilər, Şahdağ xalqları) bu irslə bağlarının elmi şəkildə sübut edilməsi və bu marşrutların həm daxili, həm də beynəlxalq turizmə qazandırılması tarixi ədaləti birdəfəlik bərqərar edəcək ən dayanıqlı üsuldur. Bu marşrutu beynəlxalq turizmə açmaqla, xarici ekspertlərin və turistlərin bölgəyə gəlib həqiqəti öz gözləri ilə görməsinə şərait yaratmaqla, maddi olaraq mövcud olan və fəaliyyət göstərən bir marşrutu heç bir saxta təbliğatla inkar etmək mümkün olmayacaqdır.

Biz sadəcə lokal araşdırma aparmırıq, biz Azərbaycanın bütöv xristian tarixini rəqəmsallaşdıraraq dünyaya açırıq. Bəyanatların və emosiyaların bitdiyi yerdə bizim rəqəmsal xəritəmiz və beynəlxalq marşrutumuz danışacaq. Bu fundamental iş, reaktiv bəyanatlardan qat-qat güclüdür, qarşı tərəfin saxta iddialarını elmi, mədəni və praktiki cəhətdən tamamilə iflasa uğradır. Bu elə bir layiqli cavabdır ki, onu heç bir siyasi manipulyasiya ilə təkzib etmək mümkün olmayacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən