Avtobusun qapısından sallanan sərnişin xəsarət alsa, zərəri kim ödəməlidir?

 17:16 23.09.2026     98

Bakıdakı bəzi marşrut avtobuslarında sərnişin sıxlığı və avtobusların qapısı açıq vəziyyətdə hərəkət etməsi ilə bağlı şikayətlər zaman-zaman gündəmə gəlir. Xüsusilə sərnişinlərin həddindən artıq sıxlıq səbəbindən yıxılması və ya xəsarət alması halında məsuliyyətin kimin üzərinə düşdüyü sualı yaranır.

Bəs avtobusda sərnişin xəsarət alarsa, onun müalicə xərclərini kim qarşılamalıdır və daşıyıcı şirkətin məsuliyyəti hansı hallarda yaranır? Sərnişinlərin təhlükəsizliyi ilə bağlı hansı tələblər mövcuddur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sığorta eksperti Şahin İsmayılov bildirdi ki, son vaxtlar daşımalarda yaranan problemlərə görə, sərnişinlərin avtobusların qapılarından tutunaraq getmə halları artıb:

Onun sözlərinə görə, bəzi hallarda xəsarət alanlar barədə məlumatlar daxil olur:

"Bu kimi hallarda ilk məsuliyyəti daşıyıcı şirkət və avtobus sürücüsü daşıyır. Çünki qapılar bağlanmadan, avtobusun hərəkət etməsi qadağandır. Digər tərəfdən sərnişin də bu məsələdə məsuliyyət altındadır. Sərnişin bilərəkdən özünü riskə atır, həm özünə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaradır. Amma istəsək də, istəməsək də, bu kimi hallar mövcuddur və problem olaraq qalır. Belə hadisə baş verərsə, sərnişinin həm tibbi yardım almaq hüququ, həm də dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranır. Hərəkət zamanı avtobusların qapılarının bağlı olması sürücünün məsuliyyətidir. Hadisə baş verərsə, bu hadisə mütləq qeydə alınmalı, sərnişinə dəymiş fiziki və maddi zərərin məbləği təyin olunmalı və təzminatla bağlı müvafiq qurumlara müraciət edilməlidir. Dəymiş zərər sığorta şirkətləri və yaxud daşıyıcı şirkət tərəfindən ödənilməlidir. Amma ən yaxşısı sərnişinlərin belə risklərə getməməsidir. Çünki belə vəziyyətdə həyatın itirilməsi təhlükəsi realdır. Odur ki, heç vaxt avtobusun qapısından sallanaraq getmək olmaz".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən