Regionlarda minlərlə iş yeri açılır: Bakıdan köç başlayacaq? - Deputat AÇIQLADI
Ötən gün Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Bundan əvvəl isə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə bildirib ki, yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Eyni zamanda dövlət başçısı diqqətə çatdırıb ki, 5 mindən çox yeni iş yeri yaradılacaq.
Yeni iş yerlərinin yaradılması vətəndaşlarımızın paytaxtdan regionlara axınına təsir edəcəkmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan deputat Ziyad Səmədzadə hesab edir ki, iş yerlərinin yaradılması insanların regionlara axınına mütləq təsir edəcək:
"Çünki urbanizasiya prosesləri dünyada təbiidir. Dünya təcrübəsi göstərir ki, getdikcə şəhərlərdə əhalinin sayı artır. Azərbaycanda da bu proses baş verir. Ancaq ölkəmizdə bu prosesin mənfi cəhətləri də özünü göstərib. Cənab prezident çox düzgün olaraq kənd təsərrüfatımızın inkişafına dair dövlət proqramının müzakirəsində bildirdi ki, “məni mənfi urbanizasiya prosesləri narahat edir”. Yəni insanlar obyektiv səbəb olmadan şəhərlərə axışırlar".

Millət vəkili vurğuladı ki, şəhərlərə axına yeni iş yerlərinin olmaması və kəndlərin sosial inkişafındakı geriliklər təsir edir:
"Heç şübhəsiz ki, əgər Gəncə-Qazax, Şəki-Zaqatala zonasında əməkhaqqının yüksək olduğu sahələrdə yeni iş yerləri yaradılacaqsa, milli kadrlar formalaşacaqsa, insanların regionlarda qalıb işləməsi obyektiv zərurətə çevriləcək.
Niyə əvvəllər, 1970-ci illərdə belə deyildi? 70-ci illərdə belə deyildi ona görə ki, ulu öndər Heydər Əliyevin dövründə kəndlər kompleks inkişaf edirdi. Amma biz müstəqil dövlət olandan sonra Qarabağ müharibəsi nə qədər bizə ziyan vurdu. Qarabağdan 1 milyon qaçqın Azərbaycanın rayonlarına yayıldı.
İndi insanlar, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar. Əgər respublikada 1 milyon qaçqın və köçkün Qarabağdan digər rayonlara köçübsə, indi onlar öz doğma torpaqlarına qayıdacaq, həmin ərazilərdə də yeni iş yerləri olacaq. Bu da onların öz doğma torpaqlarında məskunlaşmasına müsbət təsir göstərəcək".
Aytəkin TOFİQQIZI













