“Milli Məclisdə bir nəfər də olsun aqronom, zootexnik, baytar həkim yoxdur” - AÇIQLAMA 

 14:43 24.09.2026     156

Milli Məclisin İnsan hüquqları komitəsinin ötən günlərdə keçirilən iclasında komitə sədri Zahid Oruc Bakıda əhalinin mühüm hissəsinin, xüsusilə kənd rayonlarından gələn insanların kirayələrdə yaşadığını bildirib. Deputat bu problemin həlli ilə bağlı təkliflər səsləndirib və qeyd edib ki, Bakıda tunellərin tikintisinə vəsait ayırmaqdansa, kəndlərdə qaz və işığın qiymətləri 3 dəfə ucuzlaşdırıla bilər.

Bəs kommunal xidmətlərin qiymətlərinin aşağı salınması kənd əhalisinin şəhərlərə köçünün qarşısını almaq üçün kifayət edərmi? Ümumiyyətlə, insanları kənddə saxlamaq üçün hansı şərait yaradılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, sakinləri kənddə saxlayacaq əsas amil qazın, suyun və işığın qiymətinin aşağı olması deyil:

"Onları kənddə saxlayan yeganə amil onların haradasa işləməsi, fəaliyyət göstərməsi olmalıdır. Yəni istehsalla məşğul olmalı, məhsul istehsal etməlidirlər. Qazın, işığın hər evdə təxminən 70-80 manat xərci var. Düzdür, 70-80 manatı çətin tapırlar, amma gəlir yoxdursa, necə qidalansınlar? İndi xərclər də böyükdür. Uşaq böyütmək, uşağa yaxşı təhsil vermək, hamı çalışır ki, uşağına yaxşı təhsil versin, evləndirsin, uşaqlar ailə qursun. Bunlar çox böyük xərc tələb edir".

Ekspertin fikrincə, ümumiyyətlə, normal qidalanmaq üçün hər ailəyə ən azı 150 dollar vəsait lazımdır:

"Mən onu dollara çevirirəm, çünki manatla qiymətlər dəyişir və get-gedə də artır. Problem işıq pulunda, qaz pulunda, su pulunda deyil. Problem iş yerlərinin olmaması, məhdud olması və istehsal üçün imkanların tükənməsidir.

Bu nə deməkdir? O deməkdir ki, kəndli istəyir ki, istehsalla məşğul olsun. Bitkiçiliklə məşğul olursa, suvarma suyuna ehtiyacı var. Heyvandarlıqla məşğul olanda da suya ehtiyac var. Çünki o, yem əkinilə məşğul olmalıdır və suvarma həyata keçirilməlidir. Əks halda məhsul əldə etmək mümkün deyil".

Müsahibimiz diqqətə çatdırdı ki, kənd təsərrüfatında suvarma suyu, keyfiyyətli toxum, istehsal olunan məhsulun bazara çıxarılması və saxlanılması ilə bağlı problemlər mövcuddur. Onun sözlərinə görə, keyfiyyətli məhsul istehsal etmək üçün keyfiyyətli gübrəyə də ehtiyac var və bu məsələ də hələ problem olaraq qalır.

"Mən başa düşürəm, indi deputatlar hərəsi bir şey təklif edir. Biri nazirləri axtarır, tapa bilmir, digəri bu cür təkliflər verir, tıxacla bağlı, digər məsələlərlə bağlı və s. Əsas problemin nədən ibarət olduğunu orada dilə gətirmək lazımdır və problemin necə həll edilməsini də təklif etmək lazımdır. Amma bunu edəcək bir nəfər də olsun peşəkar yoxdur.

Bu gün Milli Məclisdə bir nəfər də olsun aqronom, zootexnik, baytar həkim yoxdur. Kənd təsərrüfatı olduqca mürəkkəb sahədir. Mənim sadaladığım problemlər cüzidir. Saatlar lazımdır ki, problemin nədən ibarət olduğunu daha geniş danışaq və bunu lazımi adamlara çatdıra bilək.

Çox təəssüf, Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı məlumatı, təcrübəsi olan nə aqronom, nə zootexnik, nə də baytar həkim var. Yəni sahədə də problemlər olduqca çoxdur. Ona görə əhali şəhərə üz tutur. Yalnız Bakıya deyil, əksəriyyəti Rusiyaya üz tutur, Qazaxıstana da gedənlər çoxdur. Son bir neçə ildə 300 minə yaxın adam köçüb və digər tərəfdən bizdə istehsal get-gedə azalır.

8 ayda yeyinti məhsullarının idxalı 9,9 faiz artıb. Son 10 ildə isə 2,2 dəfə artıb. Bu nəyə görə artıb? Əhalinin alıcılıq qabiliyyəti yüksək deyil ki, daha çox qidalansın. Bu ona görə artıb ki, kənddə azalma var. Məhsuldarlıq aşağı düşür.

Kəndlilər Bakıya köçürsə, onları orada əvəz edəcək şəhərdən adam getmir. Yəni ciddi problemdir. Problemlər öz həllini tapmalıdır", - deyə V.Məhərrəmov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən