"Azneft" dairəsində Formula 1 xaosu: “Vətəndaşın alternativ imkanları da yararsızdır”

 18:00 25.09.2026     157

Formula 1 ilə əlaqədar paytaxtın "Azneft" dairəsində bəzi keçidlərin bağlanması və eskalatorların işləməməsi Bayıl, 20-ci sahə və Bibiheybət istiqamətindən gedib-gələn piyadalar üçün ciddi sıxlıq yaradıb. Xüsusilə işdən çıxış saatında piyadalar tək keçiddən istifadə etməli olduğundan ərazidə böyük izdiham yaranır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, əgər belə bir nöqsan varsa, bu, aidiyyəti qurumların və bu işə nəzarət edən şəxslərin məsuliyyətsizliyinin nəticəsidir:

"Hər bir halda belə hərəkətlər yolverilməzdir. Çünki əsas yollar bağlanarkən vətəndaşların alternativ imkanları saxlanılmalıdır. Xüsusilə də qapalı yollarda insanların piyada hərəkətini təmin edəcək vasitələr nəzərdə tutulursa, onların mütləq şəkildə işlək vəziyyətdə olmasına nəzarət edilməlidir. İndi kabinetdən çölə çıxmayıblar, nəzarət etməyiblər. Burada Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, təbii ki, məsuliyyət daşıyır.

Yenə də diqqətlə bu məsələləri nəzərdə saxlamalı, alternativ keçidlərin işlək vəziyyətdə olmasına nəzarət etməlidirlər. Belə məsuliyyətsizlik insanları daha da narahat edir. İndi Formula 1 yarışıdır. Bilirik ki, bir həftəlik müəyyən çətinliklər olur və buna səbirlə, təmkinlə yanaşırıq. Amma vətəndaşın əlində olan alternativ imkanlar da yararsız vəziyyətdə olanda, artıq bu, dözülməz olur".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən