Bakıda yeni tikilən tunel tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Bakıda Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili planlaşdırılır. Layihə çərçivəsində tunel tipli yolötürücüsü, dairəvi hərəkət olan yolayrıcı və Qaradağ istiqamətində yan yol yaradılacaq. Məqsəd nəqliyyat axınlarını ayırmaq, tıxac və gecikmələri azaltmaq, həmçinin piyadaların təhlükəsiz hərəkətini təmin etməkdir.
Bəs bu tunel sıxlığı nisbətən azalda bilərmi? Ümumilikdə paytaxtın daha hansı yerlərində belə alternativ addımlar atılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, Bakıdakı nəqliyyat sıxlığının azaldılması və ciddi alternativlərin formalaşdırılması üçün dövlət proqramı var:
"2025-2030-cu illəri əhatə edən həmin proqramda bir neçə nəqliyyat növü üzrə ayrı-ayrı layihələr nəzərdə tutulub. Burada avtomobil yolları ilə bağlı dairəvi, əlaqələndirici və radial yolların tikintisi, dəmir yolu şəbəkəsinin inkişafı, metro şəbəkəsinin genişləndirilməsi, tramvayın şəhərə qaytarılması, avtobus parkının genişləndirilməsi, mikromobillik, piyada infrastrukturunun abadlaşdırılması və qarşısındakı maneələrin aradan qaldırılması kimi layihələr nəzərdə tutulub. Bu layihələr mərhələli şəkildə icra olunur. Bunlardan biri də məhz Azərbaycan Avtomobil Yollarının son elan etdiyi layihələrdən biridir. Bu layihə axınların idarə olunmasına və fərqli istiqamətlərə yönləndirilməsinə töhfə verəcək.
Düşünürəm ki, mövcud infrastruktur daxilində geri dönmə üçün estakadaların və keçidlərin sayının artırılmasına ehtiyac var. Bakının dairəvi yollarında bu növ keçidlər səfərlərin daha optimal təşkilinə və axınların idarə olunmasına müsbət töhfə verə bilər. Yəni uzun məsafə qət etmədən müvafiq məsafədə geriyə dönmənin təşkilinə də kömək edər. Xiyabanı küçəsinin dairəvi yolun altı ilə əlaqələndirilməsi bu layihələrdən biridir və düşünürəm ki, ümumilikdə dövlət proqramında qeyd olunan bütün layihələrin icrası Bakıdakı nəqliyyat sıxlığına ciddi alternativ yaradacaq".
NURİYYƏ













