"Ən müasir texnologiyalardan istifadə edərək tıxacların qarşısını almaq olar" - Deputat
Bakıda nəqliyyat sıxlığı və tıxac problemi son günlər yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə “28 May” və “Nizami” metro stansiyaları arasında hərəkətin dayandırılması ilə paytaxtın bəzi ərazilərində nəqliyyat yükü daha da artıb. Eyni zamanda məsələ ilə bağlı müxtəlif təkliflər səsləndirilir.
Bu vəziyyətdə Bakıda tıxac probleminin həlli üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadənin sözlərinə görə, bu problemin həlli üçün ciddi bir sistem formalaşdırılmalıdır:
"Nəqliyyatın idarəetmə sistemi və ən müasir texnologiyalardan istifadə edərək nəqliyyatın idarə olunması nəticəsində tıxacların qarşısını almaq olar. Tıxaclar bütün dünyanın böyük şəhərlərinin problemidir. Lakin yeni texnologiyalar imkan verir ki, yol idarəetməsi, nəqliyyat idarəetməsi ilə bu tıxacların qarşısını almaq olar. Onun üçün bu istiqamətdə ciddi iş aparılmalıdır və nail olmalıyıq ki, artıq tıxaclar Bakının problemi olmasın. Burada tək metro problemi deyil. İctimai nəqliyyatla yanaşı, eyni zamanda avtomobillərin çoxluğu paytaxtda yolların bu problemini yaradır. Ona görə onların hərəkətlərinin idarə olunmasında yeni üsullardan istifadə ilə biz onun qarşısını ala bilərik. Məsələn, Cənubi Koreyanın bu istiqamətdə böyük bir təcrübəsi var. İsraildə bu istiqamətdə müvafiq sistemlər mövcuddur. Ən müasir texnologiyalardan istifadə edərək problemlərin həllinə nail olmalıyıq".
Aytəkin TOFİQQIZI













