"Özümüzü istənilən ssenariyə hazırlamalıyıq" - Su ehtiyatları ilə bağlı XƏBƏRDARLIQ
Prezident İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbirdə çıxışı zamanı Azərbaycanın hələlik iqlim dəyişikliyinin fəsadlarını ciddi şəkildə hiss etmədiyini bildirib. Dövlət başçısı qeyd edib ki, ölkə iqlim dəyişikliyinin ciddi təsirinə hələ məruz qalmasa da, su qıtlığı və bəzi digər amillər ərzaq təhlükəsizliyi sahəsində daha çox iş görülməsini zəruri edir.
Maraqlıdır, bəs ölkədə su ehtiyatlarının qorunması və iqlim dəyişikliklərinin təsirlərinin azaldılması üçün daha hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov bildirdi ki, əvvəlki illərdə çaylarımızda suyun azalması da müşahidə olunub:
"Bu il, şükür ki, yağıntı kifayət qədər çox oldu, ona görə çaylarda suyun səviyyəsi qalxdı, anbarları doldura bildik. Amma bu o demək deyil ki, həmişə belə olacaq. Özümüzü istənilən ssenariyə hazırlamağımız məsləhətdir. Bu da kənd təsərrüfatının inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacibdir. Su ehtiyatlarının qorunması, iqlim dəyişikliyi təsirlərinin azaldılması istiqamətində hökumət səviyyəsində də proqramlar qəbul olunur, işlər görülür".
Həmsöhbətimiz bu sahədə hansı işlərin görülə biləcəyindən də bəhs etdi:
"İctimaiyyətin bu məsələdə maarifləndirilməsi lazımdır. Çünki su ehtiyatlarının qorunması üçün, əlbəttə ki, hökumət səviyyəsində lazımi fəaliyyətlər görülür, amma ictimaiyyət özü də su ehtiyatlarına yanaşmasını bir az dəyişməlidir. Ən azı sudan qənaətlə istifadə etmək həmişə insanların fəaliyyətində mühüm yer tutmalıdır - istər fermerlər olsun, sahibkarlar olsun, istər sıravi əhali, vətəndaşlar. Yəni israfçılıq etməməlidirlər, su ehtiyatlarını düzgün idarə etməlidirlər. İqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində də əsas fəaliyyət hal-hazırda ictimaiyyətin görə biləcəyi iş - yaşıllıqları artırmaq, mümkün qədər çox ağac əkmək və yaxud da mövcud yaşıllıqları, ağacları qorumaq, onları kəsməməkdir. Bunları biz cəmiyyət olaraq, vətəndaşlar olaraq etsək, bu özü də, su ehtiyatlarının qorunmasına və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına sadə vətəndaşlar olaraq bizim verdiyimiz töhfə olar. Əlbəttə ki, lazımi işlər də dövlət tərəfindən görülür, maliyyə ayrılır bu proqramlara, layihələrə və müvafiq qanunlara düzəlişlər edilir və layihələr icra olunur".
Aytəkin TOFİQQIZI













