Beh verən sifarişini ləğv etsə, pulu geri ala bilər? - AÇIQLAMA
Xonça mağazası işlədən xanım sosial şəbəkədə paylaşım edərək qarşılaşdığı maraqlı hadisədən danışıb. Onun sözlərinə görə, bir nəfər ondan xonça sifariş edib və 70 manat beh göndərdiyini bildirərək çek də yollayıb. Təxminən 2 saat sonra isə sifarişçidən “Ölənimiz var, xonçaları istəmirik, behimizi qaytarın” məzmununda mesaj gəlib.
Mağaza sahibi daha sonra oxşar hadisə ilə yenidən qarşılaşıb. Eyni gün ərzində iki dəfə beh göndərərək sifariş vermək istəyən şəxslərin olması onda şübhə yaradıb. Xanımın sözlərinə görə, əslində belə hallarda beh geri qaytarılmır. Lakin o, həmin şəxslərə insaf edərək pulları qaytarıb. Həmin vaxt isə ödənişlərin hesabına köçürülüb-köçürülmədiyini yoxlamayıb. Sonradan məlum olub ki, göndərilən çeklər həqiqi deyilmiş və süni intellekt vasitəsilə hazırlanıb.
Belə olan halda sual yaranır ki, beh hansı hallarda qaytarılmalıdır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, beh satan və ya xidmət göstərənlə istehlakçı arasında şifahi razılıq əsasında baş verən bir müqavilədir:
"Yəni şifahi müqavilədir. Qanunvericiliyə görə, beh sifariş verən tərəfdən müqavilə pozularsa, geri qaytarılmır. Əgər istehsalçı və ya xidmət göstərən tərəfindən müqavilə pozularsa, beh ikiqat qaytarılaraq istehlakçıya verilir. Bütün hallarda beh alan tərəf kassa çekini verməlidir. Lakin bu yazıda belə çıxır ki, 70 manat beh alan özü də kassa çeki çıxarmayıb. Bu, əlbəttə, qanunvericiliyə görə yolverilməzdir.
Azad İstehlakçılar Birliyinə də bu cür şikayətlər gəlir. Lakin müxtəlif hadisələr baş verir, ölümlər olur, toy mərasimi təxirə salınır və sair. Belə hallarda, necə deyərlər, qanunun sərt üzü yox, insani münasibətlər rol oynaya bilər. Tərəflər istəsələr, qanunun şərtlərinə uyğun olmasa belə, razılıq əsasında behin bir hissəsi və ya hamısı qaytarıla bilər. Müxtəlif variantlar mümkündür. Düşünürəm ki, bu, daha ədalətlidir. Yəni məsələ tərəflərin öz razılığı əsasında həll olunmalıdır. Əks halda, əlbəttə, məhkəməyə müraciət oluna bilər. Saxta çeklə bağlı isə Dövlət Vergi Xidmətinə mütləq müraciət olunmalıdır".
NURİYYƏ













