“Açıq yağış quyusu ağır qəza ilə nəticələnə bilər” - XƏBƏRDARLIQ
Son günlər paytaxtda və şəhərətrafı ərazilərdə yağış barmaqlıqlarının olmaması ilə bağlı şikayətlər artır. Xüsusilə Masazır dairəsi yaxınlığındakı yolda yağış sularının axıdılması üçün nəzərdə tutulan dəliklərin üzərində dəmir barmaqlıqların olmaması sürücülər üçün təhlükə yaradır. Bildirilir ki, ərazidə bəzi barmaqlıqlar oğurlandığı üçün yolun bir neçə hissəsində boşluqlar yaranıb.
Bəs yağış barmaqlıqlarının oğurlanmasının qarşısının alınması üçün hansı tədbirlər görülür? Bu cür boşluqlar sürücülər üçün hansı təhlükələr yaradır və məsuliyyət kimə düşür?
Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, son günlər paytaxtda və şəhərətrafı ərazilərdə yağış sularının axıdılması üçün nəzərdə tutulan qurğuların üzərindəki dəmir barmaqlıqların olmaması ilə bağlı şikayətlərin artması ciddi yol təhlükəsizliyi problemi kimi qiymətləndirilməlidir:
"Xüsusilə Masazır dairəsi kimi nəqliyyatın intensiv olduğu ərazilərdə barmaqlığın yerində açıq boşluğun qalması sadəcə kommunal çatışmazlıq deyil, birbaşa yol-nəqliyyat hadisəsinə səbəb ola biləcək təhlükəli vəziyyətdir. Sürücü hərəkət zamanı belə boşluğu gec görə, ondan yayınmaq üçün sükanı qəfil sağa və ya sola çevirə, nəticədə qonşu hərəkət zolağındakı avtomobillə toqquşa, idarəetməni itirə və ya avtomobilin təkərini həmin boşluğa sala bilər. Xüsusilə gecə saatlarında, yağışlı havada, yol örtüyünün su altında qaldığı vəziyyətdə və görünmə məsafəsi zəiflədikdə açıq yağış quyusunu əvvəlcədən görmək daha da çətinləşir. Motosiklet, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələri üçün isə belə boşluqların yaratdığı təhlükə daha böyükdür və ağır xəsarətlə nəticələnə bilər. Buna görə barmaqlığın oğurlanması və ya hər hansı səbəbdən yerindən çıxması aşkar edilən kimi həmin hissə təhlükəsizlik nişanları və fiziki maneələrlə dərhal mühafizə olunmalı, daha sonra isə barmaqlıq ən qısa müddətdə bərpa edilməlidir".

Ekspert qeyd etdi ki, problemin həlli yalnız oğurluq baş verdikdən sonra yeni dəmir barmaqlığın qoyulması ilə məhdudlaşmamalıdır:
"Profilaktik yanaşma tətbiq olunmalıdır. Belə qurğuların metal qəbulu məntəqələrinə satılmasının qarşısını almaq üçün mənşəyi məlum olmayan lyuk, barmaqlıq və digər kommunal infrastruktur elementlərinin qəbuluna nəzarət gücləndirilməli, oğurluq riski yüksək olan ərazilərdə müşahidə kameralarının imkanlarından istifadə edilməli, kommunal və yol təsərrüfatı qurumları tərəfindən müntəzəm monitorinq aparılmalıdır. Texniki baxımdan oğurlanması və sökülməsi çətin olan xüsusi kilidli konstruksiyaların, eləcə də metal kimi təkrar satış dəyəri aşağı olan, lakin yol yükünə davamlı alternativ materiallardan hazırlanmış barmaqlıqların tətbiqi də nəzərdən keçirilə bilər. Burada çox vacib məsələ operativ məlumatlandırma sistemidir. Vətəndaş və ya sürücü yolda açıq quyu və yaxud barmaqlığı olmayan yağış suyu kanalı gördükdə bunu aidiyyəti quruma asan və sürətli şəkildə bildirə bilməli, daxil olan məlumat isə sadəcə qeydiyyata alınmamalı, təhlükənin səviyyəsinə uyğun olaraq təcili müdaxilə edilməlidir".
Onun sözlərinə görə, məsuliyyət məsələsində isə iki ayrı istiqaməti fərqləndirmək lazımdır:
"Barmaqlığı oğurlayan şəxsin əməli ayrıca hüquqi məsuliyyət yarada bilər, lakin yol və kommunal infrastrukturun təhlükəsiz vəziyyətdə saxlanılması, aşkar edilmiş təhlükəli sahənin işarələnməsi və problemin aradan qaldırılması həmin yolun və qurğunun balans mənsubiyyətindən asılı olaraq aidiyyəti yol, kommunal və ya yerli qurumların üzərinə düşən vəzifələrlə bağlıdır. Əgər təhlükəli boşluq uzun müddət açıq qalırsa, heç bir xəbərdaredici nişan, sədd və ya digər qoruyucu vasitə qoyulmursa, məsələ artıq yalnız oğurluq faktı ilə izah edilə bilməz; burada yol təhlükəsizliyinin təmin olunması və infrastrukturun vaxtında bərpası məsələsi də ortaya çıxır. Belə hadisələr nəticəsində avtomobilə maddi ziyan və ya insanlara xəsarət dəydikdə hadisənin konkret şəraiti, yolun balans mənsubiyyəti, təhlükənin əvvəlcədən məlum olub-olmaması və aidiyyəti qurumun hansı tədbirləri görüb-görməməsi hüquqi qiymətləndirmə üçün əhəmiyyət daşıyır".
Müsahibimiz hesab edir ki, əsas yanaşma “barmaqlıq oğurlandı, yenisini qoyaq” prinsipi deyil, bu cür hadisələrin qarşısını qabaqcadan alan sistemin yaradılması olmalıdır:
"Çünki yol infrastrukturu bütöv təhlükəsizlik sistemidir və onun kiçik görünən bir elementinin olmaması belə ağır qəza ilə nəticələnə bilər. Yağış barmaqlıqları həm suyun yolun hərəkət hissəsindən kənarlaşdırılması, həm də həmin drenaj boşluqlarının nəqliyyat vasitələri və piyadalar üçün təhlükəsiz saxlanılması baxımından vacibdir. Buna görə xüsusilə intensiv hərəkətli magistrallarda və şəhərətrafı yollarda mütəmadi texniki baxışların keçirilməsi, oğurluq hallarına qarşı nəzarətin gücləndirilməsi, təhlükəli sahələrin dərhal mühafizə edilməsi və barmaqlıqların operativ bərpası yol təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qəbul edilməlidir".
Xədicə BAXIŞLI













