“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Hazırda metroda yaranan məhdudiyyətlər səbəbindən “Memar Əcəmi” istiqamətindən “28 May”, “Sahil” və “İçərişəhər” kimi mərkəzi ərazilərə getmək istəyən sərnişinlər əlavə nəqliyyat dəyişmələrindən istifadə etməli olurlar. Bu vəziyyət xüsusilə pik saatlarda sərnişin sıxlığının artmasına və nəqliyyatda əlavə çətinliklərin yaranmasına səbəb olur.
Bununla əlaqədar, “Memar Əcəmi”dən “28 May” istiqamətinə birbaşa ekspress avtobus marşrutunun yaradılması təklif edilir.
Bəs bu istiqamətdə belə bir marşrutun fəaliyyətə başlamasına ehtiyac varmı?
Nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, metro xətlərinin ayrılması ilə bağlı bəzi problemlər ortaya çıxır:
.jpg)
“Yaxşı hal odur ki, AYNA tərəfindən çevik reaksiya qrupu fəaliyyət göstərir və onlar yaranmış vəziyyəti yerində təhlil edərək qərar qəbul edirlər. Ekspress avtobus xətləri ilə bağlı ilkin addımdan bu yana bəlkə də 15 dəfə dəyişiklik edilib. Xəttlərin artırılması, avtobusların sayının çoxaldılması, dayanacaqların yerinin dəyişdirilməsi və sayının artırılması ilə bağlı addımlar atılıb. Əgər zərurət yaranarsa, “Memar Əcəmi” – “28 May” istiqamətində də əlavə tədbirlər görülə bilər”.
Xədicə BAXIŞLI













