Ər-arvad bir-birinin avtomobilini etibarnaməsiz idarə edə bilər? – Vəkildən AÇIQLAMA
"Ər-arvad bir-birinin avtomobilini idarə etmək üçün mütləq bir-birinə etibarnamə verməlidir? Bu məsələ ilə bağlı tez-tez polis əməkdaşları ilə avtomobil idarə edən şəxslər arasında fikir ayrılığı yaranır. Buna görə də məsələyə Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almaqla aydınlıq gətirmək istəyirəm. İnzibati Xətalar Məcəlləsinə görə, nəqliyyat vasitəsinin sahibi özü avtomobildə deyilsə, nəqliyyat vasitəsini idarə edən şəxsin etibarnaməsi olmalıdır. Əgər etibarnamə yoxdursa, buna görə inzibati məsuliyyət yaranır".
Redaktor.az xəbər verir ki, bu barədə vəkil Adilə Paşayeva öz sosial media hesabında paylaşımında danışıb.
"Amma belə bir mövzu da var ki, birgə nikah dövründə əldə edilən əmlak ər-arvadın ümumi birgə əmlakıdır. Yəni nəqliyyat vasitəsi birgə nikah dövründə alınıbsa, həmin avtomobil ər-arvadın ümumi birgə əmlakı sayılır. Bəs bu halda ər-arvad bir-birinə etibarnamə vermədən avtomobili idarə edə bilərmi, xeyr, bu belə deyil. Çünki polis əməkdaşı haradan bilsin ki, bu, sizin birgə əmlakınızdır, yoxsa yox? Bəlkə avtomobil sahibinə hədiyyə verilib və yaxud miras yolu ilə keçib? Belə olan halda həmin avtomobil ümumi birgə əmlak sayılmır. Buna görə də daha bir sənəd var ki, etibarnaməniz yoxdursa, həmin sənədə əsasən avtomobili etibarnaməsiz idarə edə bilərsiniz. Bu, ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnamədir. Yəni notariusa müraciət edərək həmin avtomobilin sizin ümumi mülkiyyətiniz olduğunu təsdiq edən şəhadətnamə alırsınız. Yalnız bu halda nəqliyyat vasitəsini etibarnaməsiz idarə edə bilərsiniz. Əks halda polis əməkdaşı barənizdə protokol tərtib etməkdə haqlı olacaq".
Xədicə BAXIŞLI













