Tikili sökülür, qiymət mübahisəsi yaranır: Mülkiyyətçiyə nə qədər kompensasiya ödənilməlidir?

 15:11 01.10.2026     135

Səyfəddin Dağlı küçəsində yerləşən köhnə tikilinin sökülməsi ilə bağlı tərəflər arasında fikir ayrılığı yaranıb. Real TV-nin hazırladığı süjetdə məsələ ilə bağlı tərəflərin mövqeləri əks olunub. Şikayətçi tərəf qeyd edir ki, məhkəməyə müraciət ediblər və məhkəmədə onların razılığı olmayan qiymət tətbiq edilib. Qətnamədə 475 min 200 manat məbləğ göstərilib. Eyni zamanda, şikayətçi bildirir ki, istədikləri məbləğ 1 milyon 500 min manatdır.

Bəs ümumiyyətlə, belə hallarda tikilinin qiyməti qanunla necə müəyyən edilir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan vəkil Roman Qaraşov qeyd etdi ki, konkret məhkəmə qətnaməsi, qiymətləndirmə və ekspertiza rəyləri, habelə söküntünün hansı hüquqi əsasla aparıldığını təsdiq edən rəsmi sənədlər təqdim edilmədiyindən məsələ üzrə qəti hüquqi nəticə söyləmək mümkün deyil; buna görə mümkün hüquqi variantları nəzərə almaq lazımdır:

"Əgər söküntü dövlət ehtiyacları üçün aparılırsa, kompensasiya “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 54–59-cu maddələri əsasında ədalətli kompensasiya, bazar və bərpa qiyməti meyarları ilə müəyyən edilməlidir; əgər söküntü özəl investisiya və ya tikinti layihəsi çərçivəsində həyata keçirilirsə, dövlət ehtiyacları üçün məcburi alınma mexanizmi avtomatik tətbiq edilmir və mülkiyyətçinin razılığı, müqavilə şərtləri, əmlakın real bazar dəyəri və mülkiyyət hüququnun müdafiəsinə dair ümumi mülki-hüquqi qaydalar əsas götürülür. Dövlət ehtiyacları üçün alınma halında isə alan orqanın kompensasiya və digər məsələlərlə bağlı qərarlarından yuxarı orqana və ya məhkəməyə şikayət vermək hüququ da ayrıca nəzərdə tutulub".

Onun sözlərinə görə, mövcud məlumatlardan zahirən belə görünür ki, əsas mübahisə əmlakın qiymətləndirilməsi və məhkəmənin 475 200 manat məbləğini hansı sübutlar əsasında qəbul etməsi ilə bağlıdır:

"Belə halda hüquqi baxımdan əsas məsələ məhkəmənin göstərilən məbləği hansı ekspert rəyinə, hansı müqayisə obyektlərinə və hansı qiymətləndirmə metodologiyasına əsasən müəyyən etməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2 və 101.3-cü maddələrinə görə ekspert rəyində aparılmış tədqiqatların ətraflı təsviri, gəlinmiş nəticələrin əsaslandırılması və ekspert qarşısında qoyulmuş suallara cavablar göstərilməli, həmin rəy isə digər sübutlarla birlikdə məhkəmə tərəfindən qiymətləndirilməlidir. Ekspert rəyi məhkəmə üçün məcburi sübut deyil; MPM-in 103.1-ci maddəsinə görə məhkəmə onu digər sübutlarla birlikdə qiymətləndirməli, 103.2-ci maddəyə əsasən isə ekspert rəyi ilə razılaşmadıqda bunun səbəblərini məhkəmə aktında əsaslandırmalıdır. Buna görə də yalnız bir ekspertin əmlakı 475 200 manat qiymətləndirməsi həmin rəqəmin mübahisəsiz və dəyişdirilə bilməyən qiymət olması demək deyil. Mülki Prosessual Məcəllənin 101-1-ci maddəsi tərəfə öz təşəbbüsü və öz hesabına məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə müraciət edərək alternativ ekspert rəyi əldə etmək hüququ verir və belə rəy iş materiallarına əlavə edilərək digər sübutlarla yanaşı qiymətləndirilir. Bu baxımdan mülkiyyətçi 1 500 000 manat məbləğinin real bazar dəyərinə uyğun olduğunu hesab edirsə, həmin rəqəmi yalnız bəyan etməklə kifayətlənməməli, eyni ərazidə yerləşən oxşar təyinatlı və parametrlərə malik daşınmaz əmlakların real alqı-satqı qiymətləri, əmlakın sahəsi, texniki vəziyyəti, torpaq sahəsi üzərində hüquqlar, yerləşmə xüsusiyyətləri və kommersiya imkanları nəzərə alınmaqla alternativ peşəkar qiymətləndirmə və ya ekspert rəyi təqdim etməlidir".

R.Qaraşov vurğuladı ki, əgər mövcud ekspert rəyi natamam və ya kifayət qədər aydın deyilsə, MPM-in 102.1-ci maddəsinə əsasən əlavə ekspertiza təyin edilə bilər:

"Əgər ekspert rəyinin əsaslılığına ciddi şübhələr varsa, tətbiq edilən metodologiya düzgün seçilməyibsə, müqayisə üçün uyğun olmayan obyektlər götürülübsə və ya bir neçə ekspert rəyi arasında əhəmiyyətli ziddiyyət yaranıbsa, MPM-in 102.2-ci maddəsi başqa ekspertə və ya ekspertlərə həvalə edilməklə təkrar ekspertizanın təyin edilməsinə imkan verir. Daha mühüm məqam odur ki, MPM-in 102.3-cü maddəsinə əsasən tərəfin əlavə və ya təkrar ekspertiza barədə vəsatət vermək hüququ var və məhkəmə belə vəsatəti rədd etdiyi halda bununla bağlı əsaslandırılmış qərardad qəbul etməlidir. Praktik olaraq, təkrar ekspertiza barədə vəsatətdə sadəcə “qiymətlə razı deyiləm” demək kifayət etmir; ilkin ekspert rəyində hansı konkret metodoloji və faktiki çatışmazlıqların olduğunu göstərmək lazımdır. Məsələn, müqayisə edilən obyektlərin eyni küçə və ya yaxın ərazidə olmaması, təyinatının fərqli olması, kommersiya obyektinin yaşayış sahəsi kimi qiymətləndirilməsi, torpaq hüququnun nəzərə alınmaması, faktiki sahənin səhv götürülməsi, köhnə və ya bazarı əks etdirməyən qiymətlərdən istifadə edilməsi, əmlakın gəlir gətirmə imkanının və yerləşmə üstünlüklərinin qiymətləndirilməməsi təkrar ekspertiza tələbinin əsaslandırılması üçün mühüm arqumentlər ola bilər.

Əgər 475 200 manat məbləği artıq birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilibsə və tərəf həmin qiymətləndirmə ilə razı deyilsə, əsas müdafiə vasitəsi apellyasiya şikayətidir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti qətnamənin tərəfə təqdim edildiyi gündən bir ay müddətində verilə bilər. Apellyasiya şikayətində konkret olaraq göstərilməlidir ki, birinci instansiya məhkəməsi qiymətləndirmə sübutlarını hansı səbəbdən düzgün qiymətləndirməyib, ekspert rəyində hansı nöqsanlar mövcuddur, alternativ qiymətləndirmə niyə daha əsaslıdır və əlavə və ya təkrar ekspertiza keçirilməsinə nə üçün zərurət yaranıb. Apellyasiya instansiyasında yeni ekspertiza tələb ediləcəksə, bunun zərurəti ayrıca əsaslandırılmalıdır. Yeni sübutların birinci instansiyada təqdim edilməməsinin tərəfdən asılı olmayan səbəbləri də izah edilməlidir. Bir sözlə, belə işlərdə əsas hüquqi mübahisə tərəflərin hansı rəqəmi istəməsi üzərində deyil, əmlakın bazar dəyərinin hansı hüquqi və qiymətləndirmə metodologiyası ilə, hansı tarixə və hansı müqayisəli obyektlər əsasında müəyyən edilməsinin düzgün olması üzərində qurulur; buna görə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi və ilkin ekspert rəyi görülmədən 475 200 manatın düzgün və ya yanlış müəyyən edildiyini demək mümkün deyil".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən