“Öz arzusu ilə” ərizə yazdırmaq qanunidirmi? – Vəkil izah etdi

 14:36 01.10.2026     67

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını müəyyən edir. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi qaydası isə Məcəllənin 69-cu maddəsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən zor tətbiq edilməklə, hədə-qorxu gəlməklə və ya hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verməyə məcbur edilməsi qadağandır".

Bunu Redaktor.az-a açıqlamasında vəkil Etibar Qarayev əmək müqaviləsinə xitam verilməsi məsələsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, təcrübədə bəzi işəgötürənlər əmək münasibətlərinə xitamı işçinin təşəbbüsü kimi rəsmiləşdirməyə üstünlük verirlər:

"Çünki bu halda işəgötürənin təşəbbüsü ilə xitamın müəyyən əsasları üçün nəzərdə tutulan hüquqi prosedurların, təminatların və işdənçıxarma müavinətinin tətbiqindən yayınmaq mümkün ola bilər.

Əsas sual budur: təqdim edilmiş ərizə işçinin həqiqi və sərbəst iradəsini əks etdirir, yoxsa məcburetmə, hədə-qorxu və ya psixoloji təzyiq nəticəsində yazılıb?

Hüquqi baxımdan bu hallar arasında mühüm fərq vardır. İşçinin ərizəsi onun şüurlu, həqiqi və sərbəst iradəsinə əsaslanmalıdır. Məcburetmə və ya təzyiq nəticəsində təqdim edilmiş ərizə əsasında əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilə bilməz.

Belə halda işçi xitam barədə əmrin qanunsuz hesab edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əməkhaqqının və müvafiq hallarda ona dəymiş zərərin ödənilməsini tələb edə bilər. Lakin ərizənin təzyiq altında təqdim edildiyinin sübutlarla təsdiqlənməsi mühüm əhəmiyyət daşıyır. Ərizənin mövcudluğu zahirən xitamın işçinin təşəbbüsü ilə baş verdiyi təəssüratını yaratdığından, məcburetmənin baş verdiyi şəraitə dair sübutların qorunması zəruridir".

Hüquqşünas təzyiq altında ərizə yazılmasının tələb olunması haqqında da danışdı:

"Belə halda ərizəni imzalamaqdan çəkinmək və qərar vermək üçün vaxt tələb etmək lazımdır. Eyni zamanda təzyiqin kim tərəfindən, nə vaxt və hansı formada göstərildiyini sənədləşdirmək də lazımlıdır. 
Yazışmaları, elektron məktubları, şahid məlumatlarını və qanuni qaydada əldə edilmiş digər sübutları qorumaq, ərizə artıq təqdim edilibsə, xitam rəsmiləşdirilənədək onun geri götürülməsi və ya etibarsız hesab olunması barədə dərhal yazılı müraciət etmək və qanunla müəyyən edilmiş iddia müddətlərinin qısa olduğunu nəzərə alaraq, hüquqi yardım almağı gecikdirməmək lazımdır.

Ərizədə “öz arzusu ilə” ifadəsinin yazılması xitamın avtomatik olaraq qanuni olması demək deyil. Hüquq yalnız sənədin formasını deyil, həmin sənəddə ifadə olunan iradənin həqiqi və sərbəst olub-olmadığını da qiymətləndirir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən