Avtobusda sıxlıq yarananda arxa qapıdan minmək qadağandır? - Rəsmi CAVAB
Bakıda sərnişin sıxlığının artdığı saatlarda avtobuslarda sərnişinlərin orta və arxa qapılardan mindirilməsi ilə bağlı fərqli yanaşmalar müşahidə olunur. Bəzi “BakuBus” sürücüləri sıxlıq zamanı orta və arxa qapıları sərnişinlərin minməsi üçün açsa da, bəzi sürücülər bunun onlara cərimə tətbiq olunmasına səbəb ola biləcəyini bildirərək həmin qapılardan sərnişin mindirmirlər. Bu isə sərnişinlər arasında sözügedən məsələ ilə bağlı qaydaların necə tənzimləndiyi barədə suallar yaradır.
“BakuBus”un tabeliyində olan avtobuslarda sıxlıq zamanı orta və arxa qapılardan sərnişin mindirilməsinə icazə verilirmi? Əgər buna icazə verilmirsə, orta və arxa qapılardan sərnişin mindirən sürücülər hansı məsuliyyətlə üzləşirlər və onlara cərimə tətbiq olunurmu?
Redaktor.az məsələ ilə bağlı "BakuBus"a sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 4.29.3-cü bəndinə əsasən, üç qapısı olan avtobuslarda sərnişinlərin düşməsi orta və arxa qapı, minməsi isə birinci qapıdan həyata keçirilir.
"Bu norma ictimai nəqliyyatda xidmətin təhlükəsiz, intizamlı və nəzarətli şəkildə təşkil olunmasına xidmət edir və yalnız “BakuBus” MMC-yə deyil, ölkə üzrə bütün sərnişindaşıma subyektlərinə şamil olunur.
Lakin bəzi hallarda – xüsusilə pik saatlarda sərnişin sıxlığının artdığı zamanlarda, ön qapıda yaranan növbələr səbəbilə bəzən sərnişinlər sürücüdən arxa və ya orta qapıdan minmək üçün icazə istəyirlər. Bu kimi hallar zamanı bəzi sürücülər vəziyyəti idarə etmək məqsədilə operativ qərar verərək müvəqqəti güzəştə gedə bilirlər.
Qeyd etmək istərdik ki, bu cür güzəştlər istisna xarakteri daşıyır və qaydaya ziddir. Belə hallar baş verdikdə “BakuBus” MMC-nin Onlayn Monitorinq Mərkəzi tərəfindən dərhal araşdırılır. Əgər müəyyən edilərsə ki, sürücü bu qərarı əsaslı səbəb olmadan verib, ona qarşı xəbərdarlıq və ya töhmət kimi inzibati tədbirlər tətbiq olunur.
“BakuBus” MMC sərnişinlərə müraciət edərək qanunvericiliklə müəyyən olunmuş bu qaydalara əməl etməyə və avtobuslara yalnız ön qapıdan daxil olaraq kartla ödəniş etməyə çağırır. Bu yanaşma, xidmətin şəffaflığını, təhlükəsizliyini və səmərəliliyini təmin etmək baxımından vacib əhəmiyyət daşıyır".
Aytəkin TOFİQQIZI













