“Gənc ailələr mənzil problemi ilə üzləşdikləri üçün ailə qura bilmirlər” - AÇIQLAMA

 18:16 01.10.2026     60

Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, qadınların ana olduqdan sonra əmək bazarından və peşə fəaliyyətindən kənarda qalmaması üçün müvafiq şərait yaradılmalıdır. O, dayə və uşaq bağçalarının əlçatanlığı, uşaqların inkişafı və dərsdən sonra qayğı xidmətlərinin bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb. Deputat həmçinin dövlət dəstəyinin ailələrin mənzil, uşaq qayğısı, təhsil və əmək məsələlərində ehtiyaclarını əhatə etməli olduğunu deyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirdi ki, deputat çox vacib məsələ qaldırıb.

"Çünki Azərbaycanda ailə və uşaq doğumu məsələlərində ciddi problemlərimiz var. Azərbaycanda son illərdə əhali artımının tempi azalıb. Belə davam edərsə, 20-30 ildən sonra Azərbaycan əhalisinin sayı azalmağa başlaya bilər. Artım tempi niyə azalıb? Ona görə ki, boşanmaların sayı çoxdur. Nikaha daxilolma yaşı Azərbaycanda gecikir. Nikahların sayı da azalıb. Bax, bu iki ciddi amil ailə məsələlərində ciddi problemlər yaradıb. Mütləq hüquqi nizamlanma, hüquqi tənzimləmə olmalıdır. Yeni qanuna ehtiyac var. Həm boşanmaların qarşısını almaq, həm də uşaq doğumunu artırmaq, əhali artımının tempini stimullaşdırmaq üçün müəyyən təşviqlər yaradılmalıdır", - deyə o vurğuladı.

Ekspert hesab edir ki, uşaq pulu məsələsi çox ciddi və vacibdir:

"Çoxuşaqlı ailə modelində meyarın 5 uşaqdan 3 uşağa endirilməsi də vacib məsələdir. Bundan əlavə, nikahların sayının artırılması üçün mənzil probleminin həlli çox vacibdir. Gənc ailələr mənzil problemi ilə üzləşdikləri üçün ailə qura bilmirlər. Bax, bunlar ciddi məsələlərdir. Bunlar artıq ölkəmizdə ciddi problemlər yaradır və mütləq yeni qanuna ehtiyac var".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən