Şagirdlər məktəbə velosipedlə gedib-gələcək? - AÇIQLAMA
Məktəblərin ətrafında nəqliyyat sıxlığını azaltmaq üçün şagirdlərin məktəbə velosipedlə gedib-gəlməsi təklif olunur. Bəs bu variant nə dərəcədə təhlükəsizdir və məktəblilərin daşınması üçün velosiped, yoxsa məktəb avtobusları daha məqsədəuyğundur?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırda məktəbə velosipedlə gedib-gələn şagirdlər var:

"Amma yaxın məsafədə yaşayan uşaqlar üçün, təbii ki, velosipedlə gedib-gəlmək və bunun üçün ayrıca velosiped zolaqlarının salınması, düşünürəm ki, yaxşı olar. Ən azı sıxlığın qarşısı müəyyən qədər alınar. Bəzi məktəblərimiz də var ki, orada velosipedlərin saxlanılması üçün müvafiq yerlər yaradılıb. Məktəbdaxili velosiped zolaqları da təyin olunub. Yəni bunu digər təhsil müəssisələrində də tətbiq etmək və ümumiyyətlə, velosipeddən istifadəni təşviq etmək, düşünürəm ki, uyğun təklifdir. Bunu daha yaxın ərazidə yaşayan uşaqlar üçün etmək olar. Sadəcə burada velosiped zolaqları elə təhlükəsiz formada salınmalıdır ki, gələcəkdə avtomobillərlə bağlı yol-nəqliyyat hadisələri və digər problemlər yaranmasın. Yəni bunun təhlükəsizliyinə mütləq daha çox diqqət yetirilməlidir".
NURİYYƏ













