"Bu gün auditoriyaya doğru məlumat ötürmək ciddi problemə çevrilib" - Qulu Məhərrəmli
"Bu gün təkcə kütləvi informasiya vasitələri deyil, informasiya ilə bağlı olan bütün sahələrdə peşəkar jurnalistikadan tutmuş sosial şəbəkələrdə, qəzetlərdə, televiziyalarda, bütün sahələrdə mötəbər məlumat, güvənli məlumat, auditoriyaya doğru-dürüst məlumat ötürmək ciddi bir problemə çevrilib. Bu səbəbdən ötən gün Bakıda AGİM-in rəhbərliyi, himayəsi altında keçirilən "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda media forumunun xüsusi əhəmiyyəti var. Bu konfransdakı məruzələri, müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışlarını dinlədikcə bir neçə məsələnin üzərində dayanırsan ki, bunların da hamısı nəticə etibarilə güvənli məlumata gəlib çıxır".
Bu sözləri Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli bildirdi.
Onun sözlərinə görə, bizim bölgə üçün, xüsusən müxtəlif dövlət quruluşu olan ölkələr üçün sabit, güvənli, mötəbər informasiya çox vacibdir:
"Məsələn, Avropada da bu məsələ var. Amma Avropada peşəkar jurnalistika öndədir, klassik televiziyalar fəaliyyət göstərir, Avropa məkanında təxminən əhalinin 70%-i televiziyalardan məlumat alır, sosial şəbəkələrə giriş çox deyil. Amma indi o sosial şəbəkələr də tədricən özünə yer edir. Sosial şəbəkələrin formal demokratizmi arxasında həmişə yalanlar, təxribat xarakterli məlumatlar, müxtəlif qüvvələrin idarə etdiyi informasiya oyunları kifayət qədər geniş kök salır. Bunu nəzərə alırıq və biz burada operativ məlumat, yoxsa dəqiq məlumat, bu dilemmanın üstünlüyünü necə müəyyənləşdiririk? Təbii ki, birinci növbədə dəqiq məlumat, balanslı məlumat bu bir nömrəlidir və keyfiyyət göstəricisidir. Onun üçün də məlumatın dəqiq olması çox vacibdir. Operativ olmaya bilər, operativlik də şərtdir ki, bu çox tez bir şəkildə çatdırılır, amma mütləq haradan götürülməsindən asılı olmayaraq məlumatlar dəqiqləşdirilməlidir. İkinci ciddi məsələ müxtəlif informasiya mənbələrinin çoxaldığı bir şəraitdə etibarlı məlumatın olmamasıdır. Bu məlumatı ön sıraya çıxartmaq üçün, yəni əsas diqqəti ona yönəltmək üçün nə etməliyik? Əlbəttə ki, burada peşəkar yanaşma öndədir, buna biz xüsusilə diqqət yetirməliyik. Nəhayət, necə etməliyik ki, o mötəbər, dəqiq məlumatlar dezinformasiyanın fonunda daha parlaq görünsün? Çünki dezinformativ məlumatlar həmişə cazibədar olur, çünki yalana bürünür. Eyni zamanda bu məlumatların çoxluq təşkil etməsi informasiyanın mötəbərliyinin üzərinə ciddi şəkildə kölgə salır. Mən bunun əsas yolunu mötəbər məlumat mənbələrinin çox olmasını və ya onların operativ işləməsində görürəm. İkinci bir cəhət, əlbəttə ki, peşəkarlıqdır. Çünki indi süni intellektin informasiya siyasətinə müdaxiləsi, yalançı məlumatların çoxalması, bunların hamısı istər-istəməz jurnalistikada məlumatın keyfiyyətini aşağı salır. Yəni peşəkarlıq, dəqiqlik, güvənlik bugünkü jurnalistikanın və informasiya siyasətinin mayasında dayanmalıdır".
Aytəkin TOFİQQIZI













