Manatlıq taksiləri yığışdırmaqla problem həll olunmayacaq - ETİRAZ

 13:45 02.10.2026     151

""Manatlıq taksilər"dən istifadə illərdir var və həmişə soruşurlar ki, "niyə yolüstü taksilər filan yerdə tıxac yaradır?" və yaxud "niyə filan yerdə problemlər olur?" Əslində, bunu hamımız bilirik ki, manatlıq və yaxud yolüstü taksilər olmasa, bəzi istiqamətlər var ki, ora getmək insanlar üçün doğrudan da çətindir. Bəzən yolüstü taksilər bu ayıbın üstünü örtürlər".

Bunu Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirdi.

Onun sözlərinə görə, burada dövlətin edə biləcəyi, nəyisə zorla yığışdırmaq deyil, alternativi verməkdir:

nəqliyyat eksperti Raqif Raufoğlu

"Əgər heç kim gedəcəyi yer haradırsa, ora normal marşrut tapa bilirsə, heç də xoş deyil ki, ikiqat və yaxud bəzən üçqat pul verib, başqa bir yolüstü taksi ilə getsin. Təbii ki, əgər ictimai nəqliyyat normal olsa, adam da istəyər ki, ictimai nəqliyyatla getsin. Bu, bir məcburiyyətdir və burada çox yaxşı olardı ki, alternativ verilsin. İndi zaman-zaman olub, yol polisinin reydləri də olub, 5 il əvvəl də olub, 10 il əvvəl də olub, biz həmişə bunu müşahidə etmişik ki, onları yığışdırmaqla məsələ həll olunmur, insanlar yolda qalırlar. Amma o adamlara da lazım olan marşrut verilə bilmir. İndi marşrutların sayı artırılıb, biz ümid edək ki, doğrudan da marşrutlar sıxlığın öhdəsindən gələ biləcək. Əgər gələ bilməsələr, burada yenə də bu məsələnin həlli yolu olmayacaq. Nəyisə zorla yığışdırmaq yox, alternativi vermək lazımdır ki, vətəndaş onu seçsin. Bu, yəni, heç kimin xoşluqla istifadə etdiyi bir şey deyil".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən