Bu rəng uşaqların görmə inkişafına mənfi təsir göstərə bilər - Həkimdən XƏBƏRDARLIQ

 11:11 02.10.2026     60

Uşaq otaqlarında minimalist və əsasən bej tonlardan istifadə edən valideynlər bununla uşaqlarının görmə inkişafına fərqində olmadan mənfi təsir göstərə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə “Meditsina” klinikasının uşaq oftalmoloqu Anna Sinyutina “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, xüsusilə körpənin həyatının ilk aylarında parlaq və yüksək kontrastlı vizual stimullar mühüm əhəmiyyət daşıyır. Qara-ağ şəkillər, aydın həndəsi fiqurlar, kontrastlı oyuncaqlar və interyerdə parlaq rəngli detallardan istifadə körpənin fokuslanma qabiliyyətinin, görmə itiliyinin və göz-beyin koordinasiyasının inkişafına kömək edə bilər.

Mütəxəssis qeyd edib ki, bejin özü təhlükəli rəng deyil. Lakin otaqda yalnız pastel və az kontrastlı rənglərin üstünlük təşkil etməsi körpənin görmə sisteminin inkişafı üçün kifayət qədər vizual stimul almamasına səbəb ola bilər.

Onun sözlərinə görə, kifayət qədər vizual stimulun olmaması uşağın koqnitiv inkişafına da təsir göstərə bilər. Yüksək kontrastlı obyektlərlə əhatə olunan uşaqların baxışlarını daha tez fokuslamağı öyrəndiyi, ətraf mühiti araşdırmağa daha çox maraq göstərdiyi bildirilir.

Həkim eyni zamanda otağın həddindən artıq parlaq və qarışıq olmasının da düzgün olmadığını vurğulayıb. Çoxsaylı hərəkətli obyektlər, yanıb-sönən ekranlar və həddindən artıq yüklənmiş oyuncaqlar yetişməmiş görmə sistemini yoraraq fokuslanmanı çətinləşdirə və uşağın həddindən artıq oyanmasına səbəb ola bilər.

Mütəxəssis hesab edir ki, bunun üçün otağın divarlarını çox parlaq rənglərə boyamağa ehtiyac yoxdur. Kontrastlı oyuncaqlar, rəngli tekstil, posterlər və beşik üzərində mobil oyuncaqlardan istifadə etmək kifayətdir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən