“Qadın ailə ilə karyera arasında seçim etməyə məcbur olmamalıdır” - Sosioloqdan ÇAĞIRIŞ
"Müasir dünyada gedən qlobal cinsiyyətsizləşdirmə prosesinin nəticəsi olaraq, ənənəvi ailə modelini aradan çıxarmaq, övladın tərbiyəsi və yetişdirilməsi prosesini "sosiallaşdırmaq", ictimai və inzibati məsuliyyət halına çevirmək cəhdləri müşahidə olunur. Bəzi yeni yanaşmalara görə, övladın yetişməsi ailənin yox, cəmiyyətin birincil məsuliyyəti olmalıdır".
Bunu Redaktor.az-a açıqlamasında sosioloq Yusif Nəbiyev bildirdi. Onun sözlərinə görə, belə bir şəraitdə əsas məqsəd ailə institutunun sosial və iqtisadi dayanıqlığını qorumaqdır:
"Övladın yetişdirilməsində birinci məsul qurum ailə institutu, ikinci dövlət, üçüncü isə cəmiyyət olmalıdır. Övladın qayğısının yalnız institusional xidmətlərə ötürülməsi qətiyyən arzuolunan model deyil. Sosial siyasət həm qadının əmək bazarında iştirakını asanlaşdırmalı, lakin eyni zamanda ailənin uşağın tərbiyəsində əsas sosial institut kimi rolunu qoruyacaq şəkildə qurulmalıdır. Ailənin funksiyaları ilə bağlı müzakirələr də göstərir ki, bu institut zamanla dəyişə bilər, amma onun sosiallaşma və emosional dəstək funksiyası əhəmiyyətini hər zaman saxlayır".
Lakin sosioloq qeyd etdi ki, hazırda yalnız yeni qanun qəbul etməkdən söhbət getmir:
"Azərbaycan qanunvericiliyində uşaqlı valideynlərin əmək münasibətlərini çevikləşdirən bir sıra mexanizmlər zatən var. Məsələn, müəyyən hallarda natamam iş vaxtı, uşağı olan qadınlar üçün əlavə təminatlar və ailə öhdəliklərinin nəzərə alınması kimi müddəalar Əmək Məcəlləsində öz əksini tapıb. Buna görə əsas ehtiyac, məncə, mövcud hüquqların real həyatda işləkliyinin artırılmasıdır. Bunun üçün keyfiyyətli və əlçatan qayğı ("daycare") mərkəzləri və bağça xidmətləri mövcud olmalı, onların yalnız sayının deyil, xidmət keyfiyyətinin artırılması da hədəflənməlidir. Məktəbdən sonra uşaqlara qayğı imkanlarının inkişaf etdirilməsi və valideynlər üçün çevik iş rejimlərinin, yeni iş modellərinin praktikada daha geniş tətbiqi ailələrə daha geniş manevr imkanları verəcəkdir.
Yəni, elə bir sosial siyasət izlənməlidir ki, qadın ailə ilə karyera arasında seçim etməyə məcbur olmasın, əksinə, ailə və iş həyatının bir-birini tamamlamasına şərait yaransın. Azərbaycanda ailənin qorunması ilə qadının iqtisadi fəallığı qarşı-qarşıya qoyulmasın. Düşünürəm ki, düzgün qurulmuş sosial siyasət hər ikisini eyni anda dəstəkləyə bilər".
NURİYYƏ













