Sumqayıt avtobuslarında kart sistemi nə vaxt tətbiq olunacaq? - AÇIQLAMA
Sumqayıt kimi əhalisi və gündəlik sərnişin dövriyyəsi yüksək olan iri şəhərdə avtobuslarda gedişhaqqının hələ də əsasən nağd, yəni qəpiklə ödənilməsi müasir ictimai nəqliyyatın idarə olunması baxımından həllini gözləyən ciddi məsələlərdən biridir.
Nəqliyyat eksperti Adil Nəbiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Sumqayıtda nağdsız ödəniş sistemi əvvəllər tətbiq olunmağa çalışılıb, lakin texniki problemlər səbəbindən uzunömürlü olmayıb.
Müsahibimizin sözlərinə görə, burada məsələ yalnız sərnişinin qəpik tapması və ya kartla ödəniş etməsi deyil.
"Kart və ümumilikdə elektron ödəniş sistemi ictimai nəqliyyatın idarə edilməsinin əsas elementlərindən biridir. İlk növbədə, nağdsız ödəniş sərnişinin avtobusa minmə prosesini sürətləndirir. Sürücünün pul qəbul etməsi, xırda pul qaytarması, sərnişinlə ödəniş üstündə mübahisə etməsi aradan qalxır. Bu, xüsusilə pik saatlarda dayanacaqlarda vaxt itkisinin azalmasına və avtobusların hərəkət intervalına daha düzgün əməl etməsinə kömək edə bilər", - deyə ekspert bildirib.
Adil Nəbiyev qeyd etdi ki, sürücünün əsas işi avtomobili təhlükəsiz idarə etməkdir:
"Sürücü eyni zamanda həm sükan arxasında olmalı, həm sərnişinlərin minib-düşməsinə nəzarət etməli, həm də gedişhaqqı qəbul edib pul qaytarmalı olmamalıdır. Bu, diqqətin yayınmasına və nəticədə yol hərəkəti təhlükəsizliyi baxımından əlavə risklərin yaranmasına səbəb ola bilər.
Kart, bank kartı, telefon və digər elektron vasitələrlə ödəniş bu funksiyanı sürücünün üzərindən götürür. Müasir NFC sistemlərində ödəniş bank kartı, telefon və ağıllı cihazlarla saniyələr ərzində həyata keçirilə bilir".
Ekspertin fikrincə, nağdsız ödənişin digər mühüm üstünlüyü şəffaflıqdır. Onun sözlərinə görə, elektron ödəniş zamanı hər bir sərnişin səfəri sistemdə qeydə alınır.
"Gün ərzində konkret marşrutdan neçə nəfərin istifadə etdiyi, hansı saatlarda sərnişin axınının artdığı, hansı dayanacaqlarda daha çox minib-düşmə olduğu və marşrutun real sərnişin yükü barədə daha dəqiq məlumat əldə etmək mümkündür. Bu məlumatlar əsasında nəqliyyat qurumları marşrutların sayını, avtobusların tutumunu, hərəkət intervalını və pik saatlarda əlavə avtobuslara ehtiyacı daha düzgün müəyyən edə bilərlər.
Yəni kart sistemi sadəcə ödəniş vasitəsi deyil, eyni zamanda ictimai nəqliyyatın planlaşdırılması üçün mühüm məlumat bazasıdır. Nağd ödənişdə isə real sərnişin dövriyyəsini dəqiq hesablamaq və marşrutun iqtisadi göstəricilərini tam şəffaf şəkildə izləmək daha çətindir. Elektron sistem həm daşıyıcıların gəlirlərinin şəffaf uçotuna, həm nəzarətin güclənməsinə, həm də gələcəkdə daha çevik tarif siyasətinin qurulmasına imkan verir."
Adil Nəbiyev bildirdi ki, vahid nəqliyyat sistemi yaradılarsa, gələcəkdə elektron ödəniş imkanları daha da genişləndirilə bilər:
"Məsələn, vahid nəqliyyat sistemi yaradılarsa, gələcəkdə bir kart və ya bank kartı ilə avtobus, metro və digər ictimai nəqliyyat vasitələrindən istifadə etmək, müəyyən müddət ərzində edilən keçidlərə fərqli tarif tətbiq etmək, tələbə, yaşlı və digər sosial qruplar üçün güzəştləri elektron şəkildə idarə etmək mümkün ola bilər".
Ekspert Sumqayıtda kart sisteminə keçidin uzanmasının mümkün səbəblərinə də toxundu:
"Sumqayıtda kart sisteminə keçidin bu qədər uzanmasının səbəbləri sırasında əvvəlki sistemdə yaranmış texniki problemlər, validatorların etibarlılığı, müxtəlif daşıyıcıların vahid sistemə inteqrasiyası, proqram təminatı, maliyyə hesablaşmaları və bütün avtobus parkının eyni standart üzrə təchiz edilməsi kimi məsələlər ola bilər.
Lakin bunlar keçidin illərlə uzanmasını normal hala çevirməməlidir. Əksinə, əvvəlki təcrübədə hansı texniki səhvlərin olduğu təhlil edilməli, etibarlı validatorlar quraşdırılmalı və sistem əvvəlcə müəyyən marşrutlarda sınaqdan keçirildikdən sonra mərhələli şəkildə bütün şəhərə yayılmalıdır".

Onun sözlərinə görə, Sumqayıtda yalnız ayrıca nəqliyyat kartına bağlanmaq da düzgün yanaşma olmazdı:
"Sistem elə qurulmalıdır ki, sərnişin nəqliyyat kartı ilə yanaşı NFC funksiyalı bank kartı, mobil telefon və digər rəqəmsal ödəniş vasitələrindən də istifadə edə bilsin. Belə yanaşma sərnişini xüsusi kart almaq və daim onun balansını artırmaq məcburiyyətindən müəyyən qədər azad edər.
Ən vacib məsələlərdən biri də sistem tətbiq edilməzdən əvvəl kifayət qədər satış və balansartırma imkanlarının yaradılması, validatorların stabil işləməsinin təmin edilməsi və sərnişinlərin əvvəlcədən məlumatlandırılmasıdır. Sumqayıt Bakı ilə gündəlik böyük nəqliyyat əlaqəsi olan şəhərdir və buna görə də şəhərdaxili nəqliyyatın ödəniş sisteminin müasir standartlara uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır".
Adil Nəbiyev hesab edir ki, Sumqayıtda nağdsız ödənişin tətbiqi artıq yalnız rahatlıq məsələsi kimi qiymətləndirilməməlidir.
"Hesab edirəm ki, Sumqayıtın şəhərdaxili ictimai nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi artıq sadəcə rahatlıq məsələsi deyil, nəqliyyatın müasirləşdirilməsi, təhlükəsizliyin artırılması, maliyyə dövriyyəsinin şəffaflaşdırılması və sərnişin axınının düzgün idarə olunması baxımından zəruri addımdır.
Böyük şəhərin ictimai nəqliyyatı yalnız yeni avtobusların alınması ilə müasirləşmir; ödəniş, dispetçer nəzarəti, sərnişin məlumatlandırılması və marşrutların idarə edilməsi də vahid rəqəmsal sistemə keçirilməlidir. Sumqayıtda da məqsəd sadəcə “kart sistemi” qurmaq deyil, bütün ictimai nəqliyyatın rəqəmsal idarəetmə modelinə keçidini təmin etmək olmalıdır", - deyə ekspert vurğuladı.
NURİYYƏ













