Gölməçəyə girən avtomobillərin başına nə gəlir? - Usta DANIŞDI
Güclü yağışlardan sonra yollarda yaranan su gölməçələri sürücülər üçün müxtəlif təhlükələr yaradır. Bəzi hallarda isə avtomobillə belə ərazilərdən keçmək qaçılmaz olur.
Bəs sürücülər su ilə dolu yollardan keçərkən nələrə diqqət etməlidirlər və bu cür gölməçələr avtomobillərə hansı zərərləri vura bilər?
Avtomobil ustası Sahil Ağabəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, həddən artıq güclü yağışlar yağanda vətəndaşlar avtomobildən istifadə etməsələr daha yaxşıdır:
"Amma məcburi istifadə olunursa, hansı yolların gölməçə olduğunu bilirlərsə, qəti həmin yollara girməsinlər. Çünki avtomobilə ən zərər verənlərdən biri yağış, qrunt suları və gölməçələrdir. Gölməçənin içərisindən keçəndə avtomobilə bir çox yerlərə su daxil olur. Su damlaları, su buxarları avtomobilə daxil olduqda korroziyaya uğrayır. Ola bilər, ilk halda problem görülməsin, amma sonradan problemlər ortaya çıxır".
Həmsöhbətimiz diqqətə çatdırdı ki, son illərdə gölməçələrin yaranmağı aktuallaşıb:

"Eyni zamanda, son illərdə hibrid avtomobillərin də çoxalması nəticəsində Azərbaycanda gölməçələrin daha çox fəsadları olur. Onun üçün də nə etmək lazımdır? Hibridlər və plagin hibrid avtomobillərdə, bilirsinizsə, qarşıda gölməçə varsa, mütləq ki, mühərriki söndürün. Tam hibrid rejimində həmin gölməçədən keçməyiniz mütləqdir. Çünki mühərrik işə düşərsə, mühərrikin hava sovurma yerindən hər hansı bir su daxil olarsa, mühərrikin vurması və mühərrikin sıradan çıxmasına mütləq ki, səbəb olacaq.
Qəza görmüş avtomobillər, batareyalarında zədələnmələr varsa, kiçik bir gölməçələrdən keçəndə də belə həmin elektrik nahiyələrinə sular dolacaq və zərərləri olacaq. Daxili yanma mühərrikləri ilə işləyən avtomobillər gölməçədən həddindən artıq yavaş keçməlidir. Çünki su dalğaları avtomobilin yarısından yuxarıya qalxmasın. Su yarıdan yuxarıya qalxdısa, mühərrikin hava sovurma yerindən su daxil oldusa, yenə də mühərrik sıradan çıxacaq və həmin avtomobil həmin gölməçənin içərisində qalacaq. Bunlara diqqət etmək lazımdır. Avtomobil gölməçədən çıxandan sonra mütləq ustaya göstərilməlidir. Çünki elə yerlər var ki, su həmin hissələrdə qalır. Usta həmin nahiyəni sudan təmizlədikdə heç bir problem olmayacaq. Amma su dolduğu yerdə qalanda fəsadları olur".
Onun sözlərinə görə, sükan idarəetmə mexanizminin toz qoruyucularına da diqqət etmək lazımdır:
"Daha sonra kürəvi birləşmələrə, sükan sonluqlarına və digər hissələrə də diqqət etmək vacibdir. Onların toz qoruyucularından hər hansı bir su keçərsə, qranatlara, intiqal vallarına və digər hissələrə su daxil ola bilər. Bu isə özünü qısa müddətdə büruzə verməyəcək. Aylar keçdikdən sonra problem ortaya çıxa bilər. Usta həmin problemi vaxtında aşkar edib yerində həll etdikdə, həmin ehtiyat hissələri də daha uzunömürlü olacaq".
Aytəkin TOFİQQIZI













