Yumurtanın içindən embrion çıxarsa, çeki atmayın! - XƏBƏRDARLIQ

 14:40 07.10.2026     128

Mağazadan alınan yumurtanın içərisindən inkişaf etmiş embrion çıxması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntülərin yayılmasından sonra belə məhsulların satışa çıxmasının səbəbi və istehlak üçün təhlükəsiz olub-olmaması ilə bağlı suallar yaranıb.

Bəs bu cür hallarla qarşılaşan istehlakçı nələrə diqqət etməlidir? Yumurtanın keyfiyyətini və yararlılıq vəziyyətini ev şəraitində müəyyənləşdirmək mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, mağazadan alınan yumurtaların içərisində hər hansı rüşeymin, yəni embrionun inkişaf etməsi mağazada satışa qədər yumurtanın normal temperaturda və uyğun saxlanma şəraitində qorunmamasının göstəricisidir.

"Digər məsələ isə ondan ibarətdir ki, istehlakçı bu məsələ ilə bağlı hər hansı problemlə qarşılaşırsa, rüşeymli, yəni embrionlu yumurta görürsə, çeki atmamalıdır. Birbaşa aidiyyəti qurumlara məlumat verməlidir. Çünki məsələ artıq həmin partiyanın təhlükəli olması ilə bağlıdır. Həmin partiyanın təhlükəli olması da birmənalı şəkildə göstərir ki, məhsulun saxlanma şəraitinə və temperaturuna düzgün riayət olunmayıb. Əgər həmin partiyaya aid məhsulların əksəriyyətində belə hal aşkarlanarsa və bu məsələ istehlakçıların qarşısına çıxarsa, bu, məhsulun saxlanması baxımından normal yanaşma deyil.

Bir məsələni də vurğulayaq ki, bu gün ev şəraitində yumurtaların təhlükəsizliyini yoxlamaq üçün, məsələn, onun suda batıb-batmaması ilə bağlı müxtəlif üsullardan istifadə edirlər. Bu üsullarla yumurtanın təzəliyini və ya köhnəliyini müəyyən qədər yoxlamaq mümkündür. Amma mikrobioloji məsələni ev şəraitində yoxlamaq heç cür mümkün deyil".

Ekspert əlavə etdi ki, yumurtanın qabığında hər hansı çat olarsa, bu, yumurtanın mikroorqanizmlərlə çirklənməsinə səbəb ola bilər və salmonellanın inkişafı müşahidə oluna bilər:

"Belə hallar da istehlakçıların haqlı narazılığı ilə qarşılanır. Mən hər zaman deyirəm ki, əgər yumurtanın üzərində partiya nömrəsi, istehsalçının adı və istehsalçı haqqında məlumat yoxdursa, həmin məhsulun satışının həyata keçirilməsi ümumiyyətlə düzgün deyil. Çünki bu cür məhsullar istehsalçıların özünü gizlədərək normal olmayan məhsulların satışını təşkil etməsi deməkdir. Bu gün istehsalçılar belə məsələlərdə birmənalı və birtərəfli şəkildə dürüstlük nümayiş etdirmirlər. Onlar özlərini gizlətməklə sanki “məndən ötdü, kimə dəyərsə, dəysin” prinsipi ilə satışlarını həyata keçirirlər. Yəni xarab məhsul kimə gedib çıxırsa, çıxsın yanaşması ilə hərəkət edirlər. Təbii ki, ilk növbədə marketlər və satış nöqtələri belə məhsulları qəbul etməməlidirlər. Digər tərəfdən, müştərilər, istehlakçılar da belə məhsulla qarşılaşıblarsa, ümumiyyətlə onu almamalı və istifadə etməməlidirlər".

İ.Şirinov bir məsələni də diqqətə çatdırdı ki, yumurtanın keyfiyyətinə təsir edən əsas amillərdən biri onun saxlanma şəraitidir:

"Ola bilər ki, saxlanma şəraiti düzgün seçilməsin, amma yumurta saxlanma yerinə qədər tam keyfiyyətli olsun. Lakin məhsulun saxlanma şəraiti düzgün seçilmirsə, artıq həmin yumurtada rüşeymin, yəni embrionun inkişafı da mümkün ola bilər və müxtəlif çirklənmə halları baş verə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən