Qatar dayanır, avtobus xarab olur, indi də havada qalacağıq? - Tələbələrdən kanat yoluna REAKSİYA

 16:51 08.10.2026     186

Bildiyimiz kimi, Bakıda sərnişin daşımalarında kanat yolundan istifadə imkanları müzakirə olunur. Bəzi insanlar bu nəqliyyat növünün şəhərdə hərəkətin rahatlaşdırılması və alternativ nəqliyyat imkanlarının artırılması baxımından faydalı və effektiv olduğunu düşünür. Digərləri isə kanat yolunun təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Redaktor.az məsələ ilə bağlı gənclər arasında sorğu keçirib və onların kanat yolu ilə bağlı fikirlərini öyrənib:

Mövzu ilə bağlı fikirlərini bölüşən tələbə, jurnalist Məltəm Anar bu ideyanın çox absurd olduğunu bildirdi:

“Yerdə belə nəqliyyat məsələsini düzgün idarə edə bilmirik, hər an bir problem çıxır – qatar dayanır, avtobus xarab olur və s. İndi kanat yolu ilə gedən zaman orada problem baş versə, camaat dəqiqələrlə, bəlkə də saatlarla havada qalacaq və birinin gəlib onları xilas etməsini gözləyəcək? Bu layihə həm çox risklidir, həm də tətbiqinin uzaq gələcəkdə olacağını düşünürəm. Hələ yerdə sərnişindaşıma mükəmməl olmadığı halda, havada sərnişindaşımadan nə gözləyə bilərik? Hə, tıxaclar və sıxlıq üçün yaxşı bir həll kimi görünə bilər... Amma dediyim kimi, bu, gülməli bir haldır. Tıxacda qalanda, metronun basabasına düşəndə çox vaxt deyirik ki, “ilahi, nə edək? Mənzil başına çatmaq üçün gərək uçaq?” Hə, deyəsən, kimsə bu çağırışımızı eşidib və ciddiyə alıb.

Bu ideya, ola bilsin ki, təzə düşünülməyib. Lakin indi gündəmə gətirilməsi, hazırkı dövrdə metro təmiri səbəbindən sıxlıqların həddindən artıq çox olması ilə bağlıdır. Amma bunun üçün uçmağımıza ehtiyac yoxdur. Metro təmirini Bakının nisbətən boş olan vaxtı – yay aylarında başlaya bilərdilər. İndi hər küçədə təmir gedir. Maraqlıdır ki, niyə təmir üçün mütləq dərslərin açılmasını, yağışı-çovğunu gözləyirlər?

Fikrimcə, kanat yolu ilə sərnişin daşımaq həm təhlükəli, həm də absurddur. Tıxacın qarşısını almaq üçün daha real və vətəndaşlar üçün təhlükəsiz yollar seçilməlidir. Üstəlik, o kanat yolu ilə sərnişindaşımada böyük ehtimalla “biznes-klass” qiyməti olacaq. Yenə də tələbələr metro və avtobus savaşının içində qalacaqlar”.

Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Nailə İmansoy isə təhlükəsizlik qaydalarına düzgün şəkildə riayət olunsa, heç bir problem olmayacağını düşünür.

“Adi insanlar, hətta uşaqlar da Şahdağda, Qəbələdə kanat yolundan rahat şəkildə istifadə edirlər. Sadəcə, Bakıda küləkli hava ilə bağlı müəyyən risklər yarana bilər. Xüsusilə qış aylarında güclü külək olduğu zaman texniki problemlərin meydana çıxması mümkündür.

Ümumilikdə isə düşünürəm ki, kanat yolu daha əlverişli olacaq. İnsanlar, məncə, mənzil başına daha tez çata biləcəklər və sıxlıq da olmayacaq. Çünki kanat yollarında kabinələrin müəyyən tutumu var, məsələn, 4-5 nəfərdən artıq insan minə bilmir. Buna görə də hesab edirəm ki, bu nəqliyyat növü Bakı üçün daha yaxşı variant ola bilər”.

4-cü kurs tələbəsi Minacət Səmədova isə hesab edir ki, kanat yolunun çəkilməsi bir o qədər də güvənli deyil:

“Çünki adi yolda belə qəzalar baş verir, hər nə qədər təhlükəsizlik tədbirləri görülsə də, gözlənilməz hadisələr ola bilər. Kanat yolunda isə nəqliyyat vasitəsi yerdən yüksəkdə hərəkət edir və hər hansı nasazlıq və ya qəza zamanı müdaxilə etmək daha çətin ola bilər”.

Tələbə Nilufər Məcnunlu isə kanat yolunun yeni layihə olduğunu və Azərbaycanda bunun yenilik olacağını bildirdi:

“Lakin bizim nəqliyyat vasitələrimiz o qədər də uğurlu deyil. İstər avtobuslar, istərsə də metrolarla bağlı problemlər yaşayırıq. Vaxt problemi ilə üzləşirik, yollarımız tez-tez bağlanır, metrolarda da müəyyən problemlər yaşanır. Mən belə düşünürəm ki, kanat yolunda təhlükəsizlik problemi ola bilər. Qarşımızdakı kanat yolu bəlkə də 4-5 il sonra daha yaxşı və təkmilləşmiş formada fəaliyyət göstərə bilər. Amma mən hesab edirəm ki, hazırda Bakının buna ehtiyacı yoxdur. Bakının tramvaya, tramvay yollarına ehtiyacı var. Daha çox sürət qatarlarına ehtiyac duyulur, çünki şəhər ətrafında yaşayan çoxlu insan var. Metro xətlərinin və avtobusların sayının artırılmasına ehtiyac var. Kanat yolu isə gələcəkdə, Bakı daha da müasirləşdikcə, bəlkə də ehtiyac duyulan nəqliyyat vasitələrindən birinə çevrilə bilər”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən