"Uşaqlardakı psixoloji problemlər vaxtında aşkarlanmalıdır" - Psixoloqdan XƏBƏRDARLIQ

 14:50 08.10.2026     243

Son günlər ölkəmizdə bıçaqlanma və qətllərlə bağlı xəbərlərin sayı diqqət çəkir. Təəssüf doğuran məqamlardan biri isə bu hadisələri törədən şəxslərin arasında 15–16 yaşlı yeniyetmələrin, eləcə də 20–25 yaşlı gənclərin olmasıdır. Hadisələrdən sonra onların valideynləri isə övladlarına söz keçirə bilmədiklərini, davranışlarına nəzarət etməkdə çətinlik çəkdiklərini bildirirlər.

Bəs valideynlər niyə övladlarının davranışlarını vaxtında nəzarətə götürə bilmir? Yeniyetmə və gənclərin aqressiv davranışlarının qarşısını almaq üçün ailə hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova təəssüflə bildirdi ki, valideynlər kiçik yaşlı uşaqlarında olan psixi problemləri bəzən görmürlər, bəzən də “mənim uşağım dəli deyil” düşüncəsi ilə onu psixoloqa aparmırlar:

"Yəni bu düşüncə ilə uşağını vaxtında diaqnostik görüşdən keçirmirlər. Uşağını nəinki psixoloqa, heç nevropatoloqa və ya həkimə də aparmırlar. Düşünürlər ki, “mənim uşağımda heç nə yoxdur, dərman içməyəcək” və s. Yeniyetməlik dövründə isə artıq şəxsiyyət pozuntuları yaranmağa başlayır. Bu dövrdə də uşaqda ağırlaşmalar olur və artıq böyük yaşlarda idarəolunmaz bir vəziyyətə gəlir. Təəssüf ki, ailədaxili münasibətlər, ailədə olan söz-söhbət və münaqişələr, sosial rifahın lazımi səviyyədə olmaması, yaxud uşağımıza verdiyimiz tərbiyənin kifayət qədər yaxşı olmaması böyüdükdə onun davranışına və həyat tərzinə çox mənfi təsir göstərir.

Belə olan halda bəzən böyük insanlar belə “istədiklərini həyatda edə bilərlər” düşüncəsi ilə yaşayırlar. “Mən istədiyim kimi yaşaya bilərəm, istədiyim insanı öldürə bilərəm, istədiyim insanla istədiyim kimi davrana bilərəm” düşüncəsində olurlar və valideyn də artıq həmin övladının qarşısında aciz qalır. Valideyn hər zaman ümid edir ki, bəlkə düzələr. Amma təəssüf ki, düzəlmir. Buna görə də belə uşaqlar artıq məktəb dövründən aşkarlanmalıdır, məktəb psixoloqları tərəfindən onlarla iş aparılmalı, ailəyə məlumat verilməlidir. Lazım gələrsə, hüquq-mühafizə orqanları da belə uşaqlardan xəbərdar olmalıdır. Əgər bunlar çətin tərbiyə olunan uşaqlardırsa, əlbəttə ki, lazımi təlim-tərbiyə işlərinə də cəlb olunmalı, psixoloji və psixiatrik dəstək almalıdırlar ki, müəyyən yaşdan sonra artıq cəmiyyət üçün yararsız insana çevrilməsinlər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən